“Şimali Koreyalıların itkiləri Rusiyanın itkilərindən çox olacaq...”

Şimali Koreyalılar hazırlıqsızdırlar...

...Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı müharibədə iştirakı, yəqin ki, cəbhədəki vəziyyətə ciddi təsir etməyəcək. Şimali Koreya əsgərləri müharibədə Rusiya qoşunlarından daha çox itki verəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Estoniya Müdafiə Nazirliyinin Kəşfiyyat Mərkəzinin komandiri, polkovnik Ants Kiviselq deyib.

Onun sözlərinə görə, artıq Rusiyanın Kursk vilayətinə Şimali Koreyanın 11-ci Ordu Korpusunun 3 minə yaxın hərbi qulluqçusu, o cümlədən 200-ü xüsusi təyinatlılar gətirilib. Onlar oktyabrın əvvəlində Rusiyaya gəliblər və Şərq Hərbi Dairəsində iki həftədən dörd həftəyə qədər davam edən ilkin təlim keçiblər.

Kiviselq bildirib ki, bundan sonra Şimali Koreya hərbçilərinin cəbhəyə yeridilməsi başlayıb.

...Ümumiyyətlə, Şimali Koreya Rusiya Federasiyasına 10-12 min hərbi qulluqçu, o cümlədən 500 zabit və üç general göndərəcəyini vəd edib. Şimali Koreya əsgərlərinin Ukrayna cəbhəsinə gəlişi çox güman ki, mərhələli şəkildə baş verəcək. Növbəti Şimali Koreya bölmələrinin Ukrayna cəbhəsinə gəlişi yaxın həftələr ərzində baş tutacaq.

Bunu da Estoniya kəşfiyyatının komandiri bildirib.

O, daha sonra vurğulayıb ki, Şimali Koreya əsgərləri əsasən dağlıq ərazilərdə döyüşmək təcrübəsinə malikdirlər və Ukraynadakı şərait onlara tanış deyil. Eyni zamanda Şimali Koreya əsgərlərinin Rusiya Federasiyasında hazırlığı yüksək keyfiyyətdə deyil.

...Rusiya Federasiyasında keçdikləri təlim, əlbəttə ki, çox da yüksək səviyyədə deyil. Buna görə də biz Şimali Koreya bölmələrinin Ukraynada ağır itkilər verəcəyini və yəqin ki, Rusiya Federasiyasının indiyədək verdikləri itkilərdən də böyük itkilər verəcəyini gözləmək olar.

Bunu da estoniyalı polkovnik vurğulayıb.

Onun sözlərinə görə, Şimali Koreya bölmələrinin Ukraynada yerləşdirilməsi davam etdiriləcək. Estoniya kəşfiyyatının proqnozlarına görə, bu, cəbhədə əsaslı dəyişikliklərə səbəb olmayacaq.

...Ancaq bu bölmələrin Rusiyaya əlavə yerləşdirilməsi, onların təlimi və daha sonra Ukrayna cəbhəsinə gəlişi uzunmüddətli perspektivdə davam edərsə, bu, əlbəttə ki, cəbhə xəttində müəyyən dəyişikliklər gətirə bilər.

Bunu da Kiviselq əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə