Sorğu: Amerikalıların əksəriyyəti Ukraynadan sülh danışıqları istəyir
Amerikalıların yarıdan çoxu hesab edir ki, Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamalıdır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Harvard Universitetinin keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 54 faizi münaqişənin həlli üçün Ukrayna və Rusiya arasında danışıqların təşkili təşəbbüsünü dəstəkləyir, 46 faizi isə Kiyevin müharibədə qələbəsini arzulayır.
Kiyevin sülh danışıqlarına başlamasını istəyənlərin 63 faizi respublikaçıların, 44 faizi isə demokratların tərəfdarıdır. Müstəqil seçicilər arasında isə bu göstərici 56 faiz olub.
Eyni zamanda, amerikalılar Ukrayna-Rusiya müharibəsinin danışıqlar yolu ilə həllində Respublikaçılar partiyasının namizədi Donald Trampı potensial olaraq daha uğurlu hesab edir. Belə ki, bu məsələdə respondentlərin 55 faizi sabiq prezidentə, 45 faizi isə ölkənin hazırkı vitse-prezidentinə ümid bəsləyir.
Oktyabrın 11-dən 13-dək keçirilən sorğuda 3 min 145 amerikalı iştirak edib.
Qeyd edək ki, Moskva sülh danışıqlarına başlamaq üçün Ukrayna qoşunlarının Rusiya tərəfindən ilhaq edilən ərazilərdən çıxmasını, Kiyevin NATO-ya üzvlük niyyətindən əl çəkməsini və Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir.
Ukrayna ordusunun Kursk vilayətinə hücumundan sonra isə Rusiya Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar aparmağın mümkünsüz olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə