Slovakiya Azərbaycanla əlaqələrə yüksək dəyər verir – ŞƏRH EDİLDİ

“Bu gün Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır. Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri, strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması böyük hadisədir. İkitərəfli əlaqələrin sürətli inkişafına əsaslı təkan verən mühüm təsir amillərindən biri də hər iki dövlətin mövqelərinin beynəlxalq və regional məsələlərdə üst-üstə düşməsidir. Hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun imzalanması, enerji sahəsindəki əməkdaşlıq dediklərimizi bir daha sübut edir. Ulu Öndərin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Slovakiya ilə münasibətlərə mühüm önəm verir. Dost ölkənin Baş naziri Robert Fitsonun Azərbaycana zəngin səfər proqramının uğurlu nəticəsi kimi əldə olunmuş bir sıra razılaşmalar bunun əyani təzahürüdür”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, aparılan faydalı müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Slovakiya və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ciddi potensialın mövcudluğunu aşkarlayıb: “Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qazını ixrac edir. “2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyev cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Əldə olunmuş bu razılaşmalar isə münasibətlərin bundan sonrakı mərhələdə daha sürətli templə inkişafına yaxşı imkanlar yaradır. Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır”.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə