Qeyri-adi “ağıllı” qurğular

Elmin, texnologiyanın sürətli inkişafının nəticəsi olan "ağıllı" qurğular tədricən gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Bəzən olduqca qəribə "ağıllı" qurğulara rast gəlirik. Datçiklərlə və internetə çıxışla təchiz edilmiş beş bu cür qeyri-adi qurğu haqqında məlumatı təqdim edirik.

Dubayda quraşdırılmış "ağıllı" palma günəş batareyaları ilə işləyən 6,5 metr hündürlüyündə süni ağacdır. Palma bir çox funksiyalara malikdir: 100 metr radiusu əhatə edən ödənişsiz Wi-Fi, mobil telefonların enerji ilə doldurulması üçün 8 slot, məlumat xidməti və reklam ekranları. Bundan əlavə, "ağıllı" ağac video müşahidə sistemi ilə təchiz edilib. Gecələr ətrafı işıqlandıran süni palma ağaclarını "D-Idea Media" adlı ərəb şirkəti istehsal edir.

"Bluetooth" vasitəsilə smartfona qoşulan "ağıllı" çətir artıq sifariş üçün əlyetərlidir. "HAZ Umbrella" adlı qurğu bir elektron düymə ilə açılıb-bağlanır. "Bluetooth" üzrə əlaqə kəsildikdə çətir smartfona xəbərdarlıq ismarıcı göndərir.

"HealthWatch" şirkəti tərəfindən hazırlanmış "hWear" adlı "ağıllı" köynək datçiklərlə təchiz edilib. Köynək onlayn rejimdə fiziki göstəricilərin əksəriyyətinin izlənilməsinə kömək edir. Bu kimi informasiya risk qrupuna daxil olan və ya xroniki ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır.

Köynək elektrokardioqramma müayinəsi aparır, bədənin temperaturunu və nəfəsin tezliyini ölçür, orqanizmin ümumi vəziyyətinin gözlənilmədən pisləşməsi haqqında məlumat verir. Qəbul olunmuş informasiyanı yaddaşda saxlaya, müntəzəm olaraq və ya ekstremal hallarda qeyd edilmiş kontaktlara göndərə bilir.

"MOTA SmartRing" "ağıllı" üzüyünü artıq sifariş etmək mümkündür. Üzük vibrasiya rejiminin köməyi ilə elektron poçta gəlmiş yeni məktub, sosial şəbəkələrdəki ismarıc və daxil olan zənglər barədə məlumatı ötürür. Qadjetin enerji ilə doldurulması simsiz üsulla həyata keçirilir. Bunun üçün qurğunu xüsusi lövhə üzərinə yerləşdirmək kifayətdir.

Çinin "Xiaomi" şirkəti geyim istehsalçısı kimi tanınan "Li-Ning" ilə birgə "ağıllı" ayaqqabı istehsal edib. Suya qarşı davamlı olan ayaqqabı kalorini və sahibinin addımlarını hesablayaraq məlumatı "Bluetooth" vasitəsilə smartfona ötürür.

Bütün xəbərlər Facebook səhifəmizdə