Qırğızlar Azərbaycanda yeni texnologiyalarla tanış oldular

Qırğızlar Azərbaycanda yeni texnologiyalarla tanış oldular

Qırğız Respublikasının dövlət orqanlarının nümayəndələri Azərbaycanın İT-şirkətinin iştiraki ilə "elektron hökumət" sahəsində mövcud yeni texnologiyalarla tanış olublar

Bişkekdə "SİNAM şirkətinin vergi inzibatçılığının təkmilləşdirilməsi layihəsi timsalında elektron hökumətin yaradılması təcrübəsi və Oracle şirkətinin informasiya texnologiyaları sahəsində texnoloji yenilikləri" adlı konfrans keçirilib. Qırğız Respublikasının hökumət aparatının informasiya siyasəti şöbəsindən verilən məlumatda bildirilir ki, konfransa prezident aparatının, parlamentin, hökumətin, donor birliyinin, banklar və digər qurum və şirkətlərin nümayəndələri dəvət olunub.

İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, sözügedən tədbirin məqsədi regional və dünya səviyyəsində elektron hökumətin yaradılması sahəsində mövcud olan cari təcrübənin, davamlı inkişaf perspektivlərinin, bu istiqamətdə ikitərəfli əməkdaşlığın araşdırılması yollarının öyrənilməsindən ibarətdir.

Qeyd edək ki, hazırda Qırğızıstanın bütün dövlət qurumları ölkədə elektron hökumət prinsiplərinin və iş üsullarının tətbiqi sahəsində fəal iş aparırlar. Elektron hökumətin yaradılması 2013-2017-ci illərdə Qırğızıstan Respublikasının Davamlı İnkişafı üzrə Milli Strategiyanın prioritetlərindən biridir.
Konfrans zamanı Azərbaycanın SİNAM şirkəti inteqrasiya olunmuş vergi inzibatçılığı sistemi (İTAS) timsalında Elektron Hökumət üçün informasiya sistemlərinin işlənib hazırlanması sahəsində əldə etdiyi təcrübəsilə bölüşdü. Sözügedən layihə Qırğızıstan hökuməti ilə birgə Asiya İnkişaf Bankı tərəfindən həyata keçirilir. Layihənin məqsədi Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətinin əsas biznes-proseslərini əhatə edən müasir vergi inzibatçılığı sisteminin tətbiqindən ibarətdir.

Layihənin icrası zamanı ən müasir İT-texnologiyalardan istifadə edilmişdi. Belə ki, Qırğızıstan Respublikasında ilk dəfə olaraq analitik hesabatlılıq sisteminin yaradılması üçün Oracle Business Intelligence sistemi istifadə olunmuşdu. Qeyd edək ki, analitik sistemlərin və hesabatlılığın yaradılması üçün nəzərdə tutulan bu məhsul biznes-təhlil üçün müasir platformanı təmin edir ki, bu da bütün təşkilat miqyasında daha yaxşı qərarların qəbul edilməsi məqsədilə tam və mühüm məlumatları vaxtında almağa imkan verir.

Birgə təqdimat zamanı SINAM və Oracle şirkətləri İTAS layihəsi timsalında sözügedən proqram məhsulu və onun tətbiqi imkanları haqqında ətraflı məlumat verdilər.

"Oracle fəaliyyətində DB texnologiyalarına və perspektivlərinə baxış" adlı təqdimatda şirkət yarandığı andan təqdim etdiyi özünün ən məşhur məhsulu - Oracle Database haqqında məlumat verdi. Hazırda verilənlər bazasının idarəedilməsi üçün nəzərdə tutulan bu sistem istənilən mühüm informasiya sisteminin mütləq hissəsinə çevrilmişdir.

Şirkət nümayəndələri həmçinin verilənlər bazasının hər növ proqramları üçün nəzərdə tutulan inteqarsiya olunmuş "Oracle Exadata DB machine" platforması haqqında danışdılar. "Oracle Exadata DB machine" verilənlər bazasının idarəetmə serverlərindən, məlumat saxlama sistemlərindən, periferiya və şəbəkə avadanlığından, həmçinin proqram təmintından ibarətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə