Şəhriyar Məmmədyarov və Nana Dzaqnidze liderliyi ələ alıblar

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin rapid yarışlarında beşinci tura yekun vurulub. SİA xəbər verir ki, sentyabrın 22-də yarışın 4 turu oynanılıb.

Qadınların yarışında Gürcüstan idmançısı Nana Dzaqnidze 9 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Polşalı Yolanta Zavadska, israilli Marsel Efroimski və türk Kübra Öztürk 6 xalla 2-4-cü yerləri bölüşürlər. Gürcüstanlı Meri Arabidze, Gövhər Beydullayeva 5 xalla 5-6-cı, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva 4 xalla 7-8-ci yerdədirlər. Hesabında 3 xal olan Günay Məmmədzadə 9-cu, 2 xal olan Gülnar Məmmədova isə sonuncu – onuncudur.

Kişilərin yarışında maksimum nəticə gösətərn Şəhriyar Məmmədyarov 10 xalla birincidir. Hindistan təmsilçisi Santoş Qucrati Vidit 9 xalla ikinci, iranlı Parham Maqsudlu 6 xalla üçüncü yerdə qərarlaşıblar. Aktivində 5 xal olan Teymur Rəcəbov, Vasif Durarbəyli və özbəkistanlı Rüstəm Qasımcanov 4-6-cı yerləri bölüşürlər. Çinli Hao Vanq 4 xalla yeddinci, Rauf Məmmədov 3 xalla səkkizinci, türk Mustafa Yılmaz 2 xalla doqquzuncu və Qədir Hüseynov isə 1 xalla onuncu pillədə yer alıblar.

Sentyabrın 24-də yekun vurulacaq “Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...