“Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib

Bu gün futbol üzrə Misli Premyer Liqasının 2-ci turu çərçivəsində günün ilk matçında “Qarabağ” komandası səfərdə “Sumqayıt”la qarşılaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə son çempion “Qarabağ” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Qolları oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı (94) və Filip Ozobiç (98) vurublar.

Kapital Bank Arena”da keçirilən matçda “Qarabağ”ın heyətində meydana Luka Quqeşaşvili, Riçard Almeyda, Filip Ozobiç, Abbas Hüseynov, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Julio Romao, Leandro Andrade, Musa Qurbanlı və Kvabena Ovusu çıxıblar.

Beləliklə, mövsümü böyük hesablı məğlubiyyətlə başlayan meydan sahibləri bu matçda da uduzublar. Ağdam təmsilçisi isə cari çempionatda ardıcıl ikinci dəfə qələbə qazanıb.

Hazırda Ağdam komandası turnir cədvəlində altı xalla “Sabah” komandası ilə birgə birinci-ikinci yerləri bölüşür. İki oyundan sonra xalı olmayan Sumqayıt şəhərinin təmsilçisi isə sonuncudur.

Günün digər matçı Bakıda “ASCO Arena”da ilk turda uduzan komandaların duelində “Səbail” və “Turan Tovuz” arasında keçiriləcək. Bu, debütant “Turan Tovuz”un Premyer Liqada ilk səfər görüşü olacaq.

Xatırladaq ki, turun açılış oyununda “Zirə” komandası “Dalğa Arena”da “Sabah”a 1:3 hesabı ilə məğlub olub.

Tura avqustun 14-də təşkil olunacaq “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” matçları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə