Ulu Öndərə həsr olunmuş turnir keçirilib

Şəxsi yarışlarda əsas mübarizə hərəyə 7.5 xal toplayan Rəsul Mənsimli (Beynəlxalq Bank) və Mehdi Məmmədov (Paşa Bank) arasında olub. Əlavə göstəricilərə görə Rəsul Mənsimli birinci yeri tutub, Mehdi Məmmədov ikinci yerlə kifayətlənib. 3-5-ci yerləri hərəyə 7 xal toplayan Rauf Hacılı (Beynəlxalq Bank), Beyrək Rəhimov (Kapital Bank) və Ruslan Əliyarov (Turan Bank) bölüşdürüb. Əlavə göstəricilərə görə Rauf Hacılı üçüncü yerə layiq görülüb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Aliyə Mehdiyeva (Paşa Bank) qadınlar arasında ən yaxşı nəticənin sahibi kimi təltif olunub. Rəsul Mənsimli, Rauf Hacılı və Rəşad Bədəlovun təmsil etdiyi Beynəlxalq Bank 20.5 xalla komanda yarışlarında qalib adını qazanıb. Beyrək Rəhimov, Şahin Əliyev, Səməd Səmədzadə ümumilikdə topladığı 19 xal sayəsində Kapital Bank kollektivini ikinci yerdə qərarlaşıb.

Ruslan Əliyarov, Mehdi Axundov, Ağasi Hətəmovun cəmləşdiyi Turan Bank 18 xalla üçüncü olub. Yarışın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova qalibləri təbrik edib, turnirin şahmatın təbliğində rolundan danışıb. Sonda turnirin baş hakimi Rəhim Qasımov və AŞF-nin baş katibi İlahə Qədimova qalib və ilk üç yeri turan iştirakçılara diplom, kubok və pul mükafatını təqdim edib.

Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən 20 bankdan 72 əməkdaş qalib adı uğrunda mübarizə aparıb. Üç gün davam edən banklararası şahmat yarışı sayca beşinci dəfə təşkil olunur.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə