İdman sahəsində ən asan uğur qazanmağın sirri SƏN DEMƏ - İDARƏ RƏİSİ AÇIQLADI

"Müasir dövrün çağırışına uyğun olaraq idmanın olimpiya, qeyri-olimpiya, paralimpiya növündə uğur qazanmaq düsturu bir neçə amildən asılıdır. Əlbəttə ki, nizam-intizam qaydalarına riayət etmək, eyni zamanda taktiki və texniki cəhətdən hazırlanaraq daim öz üzərində çalışmaq, qida rasionuna, yaşam tərzinə ciddi riayət etmək, çəki dərəcəsinin qorunması ilə yanaşı bir çox məsələlərdə özünə məhdudiyyətlər qoymaqla hədəfə doğru məqsədyönlü istiqamətlənmək, rəqib və məşğul olduğun idman növündə qaydaları daim təhlil edərək yeniliyin üzərində çalışmaq, məğlub ola-ola qalib gəlməyin yollarını axtarıb üzərində çalışmaq idmanda uğur qazanmaqda mühüm amillərdir. Bu sözləri SİA-ya aşıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, bugünkü gündə müasir idman onu göstərir ki, yaş amili çox ciddi göstəricidir. Amma yaş amili eyni zamanda güclü iradəyə malik olan idmançılara onu tövsiyə edir ki, hər bir idmançı qalibiyyəti əldə etməyə qadirdir. Bütün bu göstəricilərin cəmi idmançının uğur qazanmasına böyük təkan verir. Eyni zamanda uğuru əldə etmək çətin olsa da, uğuru təkrarlamaq daha çətindir. Ona görə ki, rəqiblər qalibiyyəti ələ keçirən idmançıya qarşı xüsusi hazırlığa başlayır. Ona qarşı onun döyüşlərini, yarışlarda göstərdiyi nəticələri təhlil edir. Deməli, daim yeniliklər üzərində çalışmaq lazımdır. İdmançı şərtləri yaxşı qiymətləndirməlidir.

Rafiq Abbasov bu barədə fikirlərini belə izah edib: "Bu gün Azərbaycan Respublikasında bir çox idman növləri, ənənəvi idman növləri, milli idman növləri, olimpiya, paraolimpiya idman növləri ilə yanaşı daim yeni-yeni idman növləri özünü göstərir. Hər bir şəxs, hər bir idmançı eyni zamanda universallığı ilə fərqlənməlidir. Bugünkü gündə fərdi, təkmübarizlik idman növləri ilə yanaşı, komanda idman növlərində təmsilçilik mövcuddur. Fərdi idman növlərində əgər deyilən göstəricilərlə yanaşı, hər bir şəxs yalnız özünün məsuliyyət yükünü daşıyırsa, komanda idman növündə, millini, Azərbaycanı təmsil edən şəxs, eyni zamanda özü ilə yanaşı komanda düşüncə tərzinə hazır olan və böyük bir komandanın tərkib hissəsi olduğunu göstərən amilləri öz üzərində cəmləşdirməlidir. Bütün bunların cəmi idmançının uğur düsturunun göstəricisidir. Fürsətdən istifadə edərək hər bir Azərbaycan idmançısına iradə, möhkəm can sağlığı, daim uğurlar, yenilik, dövlət himnimizi səsləndirmələrini arzu edirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə