Şəhidə ilk dəfə olaraq “İdman Ustası” adı verilib - FOTOLAR

Şəhidə ilk dəfə olaraq “İdman Ustası” adı verilib - FOTOLAR

Bu gün Odlar Yurdu Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, idmançı Məmmədov Murad İlham oğluna verilən “İdman Ustası” fəxri adının ailəsinə təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, şəhid baş leytenant Azad Hümbətovun atası Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən müharibəsi və aprel döyüşlərinin şəhidlərinin ailə üzvləri, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri iştirak edib.

Tədbirdə Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İlk olaraq tədbirin təşkilatçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanda ilk dəfə olaraq keçirilən Vətən müharibəsi şəhidi, idmançı Məmmədov Murad İlham oğluna verilən “İdman Ustası” fəxri adının verilməsi barədə məlumat verib.

Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bu cür tədbirlərin silsilə şəkilində keçiriləcəyini söyləyib.

Xatırladaq ki, şəhid Məmmədov Murad Azərbaycan Respublikasının sərəncamına əsasən, Vətən uğrunda “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Tədbirin sonunda şəhidin valideynlərinə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən “İdman Ustası” nişanı, vəsiqəsi və Azərbaycan Bayrağı təqdim edilib.

Tədbirin rəsmi hissəsindən sonra karate, kapoero, əlil arabasında qılıncoynatma və başqa idman növləri üzrə çıxışlar göstərilib.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə