Şahmatçılarımızın da qatılacağı turnirin iştirakçıları müəyyənləşib

Bu il keçiriləcək "Grand Chess Tour" seriyasında iştirak edəcək bütün şahmatçılar müəyyənləşib.

SİA-nın məlumatına görə, Azərbaycanın qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəyi yarışa, ümumilikdə 10 şahmatçı qatılacaq. Belə ki, şahmatçılarımızla yanaşı, yarışda Maksim Vaşye-Laqrav (Fransa), Liren Dinq (Çin), Fabiano Karuana, Uesli So (ABŞ), Yan Nepomnyaşi, Aleksandr Qrişuk (Rusiya), Aniş Giri (Niderland), Levon Aronyan (Ermənistan) iştirak edəcəklər.

Yarışa COVID-19 pandemiyası səbəbindən ləğv edilən "Grand Chess Tour 2020" turnirinə vəsiqə qazanmış şahmatçılar dəvət alıblar. Onlardan hazırkı dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Hikaru Nakamura yarışda iştirak etməkdən imtina ediblər. Onların yerinə turnirə şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dəvət alıblar.

Seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Sent-Luis və Missuri şəhərlərində avqustun 9-16-da və 16-28-də baş tutacaq.

Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə