Respublika Otüstü Hokkey Kompleksində 1996-1997-ci il təvəllüdlü oğlanlar arasında Bakı şəhərinin açıq birinciliyinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışda Sumqayıt və Bakı şəhərlərinin hər birindən 2 komanda dairəvi sistemlə mübarizə aparıb. Mükafatçılar isə pley-off oyunlarının yekununda müəyyənləşib. İlkin mərhələdə "Təhsil"(Bakı) və "Corat Bələdiyyəsi" hokkeyçilərini böyük hesabla məğlub edən və öz aralarında heç-heçə oynayan "Atasport-Binə" və UGİM-2 (Sumqayıt) komandaları 7 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Aktivində 3 xalı olan "Corat Bələdiyyəsi" III , keçirdiyi 3 oyunun hamısında uduzan "Təhsil" isə sonuncu yerdə qərarlaşıb. Reqlamentə görə yarışın mükafatçıları həlledici finalda aşkarlanmalıydı. İlk olaraq "Təhsil" və "Corat Bələdiyyəsi" komandalarının görüşündə bürünc medalların sahibləri müəyyənləşib. Matçın əsas vaxtı 1:1 hesabı ilə heç-heçə qurtardığına görə qalib penalti seriyasında bəlli olub. Azərbaycanın əməkdar məşqçisi Ramiz Əliyevin rəhbərlik etdiyi "Corat Bələdiyyəsi" bu imkandan daha yaxşı (3:2) istifadə edərək 3-cü mükafata layiq görülüb. Bakı çempionu isə "Atasport-Binə" və UGİM-2 komandalarının final qarşılaşmasında müəyyən olunub. Rəqibinə heç bir şans verməyən "Atasport-Binə" (məşqçi Rüfət Ağayev) 6:1 hesabı ilə qalib gələrək payızdakı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaqla qızıl medallara sahib olub. Mükafatlara layiq görülən komanda üzvləri medal və diplomlarla yanaşı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin xatirə hədiyyələri ilə də təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB