Beynəlxalq Döyüş Növləri Kollecinin professoru, şorin-ryu və qodzyu-ru karate üzrə 6-cı dan, Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate Assosiasiyasının nümayəndəsi Anatoliy Mitrofanov Azərbaycanda səfərdə olub. SİA-nın məlumatına görə, Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Abbas Hümbətovun dəvəti ilə ölkəmizə səfər edən A.Mitrofanov milli komandamızın üzvlərinə seminar keçib.
Qonaq şorin-ryu idman növündəki yeniliklər barədə məlumat verib və zəngin təcrübəsini azərbaycanlı idmançılarla bölüşüb.
Seminarı uğurla başa vuran idmançılara sertifikatlar təqdim olunub.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən A.Hümbətov seminarın idmançılarımızın peşəkarlıq səviyyəsinin artmasına böyük töhfə verəcəyini diqqətə çatdırıb.
A.Mitrofanovun ölkəmizə səfəri Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyası ilə Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate Assosiasiyasının birgə təşəbbüsü nəticəsində gerçəkləşib.
Qeyd edək ki, yaxın vaxtlarda Beynəlxalq Okinava Şorin-ryu Seibukan Karate Assosiasiyasının rəhbəri Şimomuko Zempo ölkəmizə səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB