Millimiz paracüdo üzrə Qran-prini 11 medalla başa vurub - YENİLƏNİB

Millimiz paracüdo üzrə Qran-prini 11 medalla başa vurub - YENİLƏNİB

Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-pri yarışında millimiz daha bir medal qazanıb. SİA-nın məlumatına görə, turnirdə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Xanım Hüseynova türkiyəli cüdoçu Duyğu Cete Artarla bürünc medal uğrunda görüşə çıxıb. İdmançımız qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

Qeyd edək ki, bu, yarışda millimizin 10-cu medalıdır. Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

*****

Turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rövşən Səfərov moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib. Paracüdoçumuzun növbəti rəqibi Türkiyə idmançısı İbrahim Bölükbaşı olub. Rəqibini 3 saniyəyə ipponla məğlub edən R.Səfərov yarımfinala vəsiqə qazanıb. Növbəti görüşündə idmançımız Ukrayna təmilçisi Aleksandr Nazarenkonu da 3 saniyəyə ipponla məğlub edərək finala yüksəlib. Finalda R.Səfərov İran idmançısı Vahid Nouri ilə qarşılaşıb. İdmançımız məğlub olaraq yarışın gümüş medalını qazanıb.

****

Qran-pridə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Zülfiyyə Hüseynova bürünc medal uğrunda özbəkistanlı Vəsilə Aliboeva ilə, 70 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Dürsədəf Kərimova isə braziliyalı Rebeka Silva ilə qarşılaşmada məğlub olub.

*****

Turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat Paralimpiya çempionu İlham Zəkiyev 1/4 final mərhələsində yaponiyalı cüdoçu Kento Masakini məğlub edərək yarımfinala vəsiqə qazanıb. Növbəti mərhələdə idmançımız özbəkistanlı Şirin Şəripova məğlub olub.

İ.Zəkiyev bürünc medal uğrunda Gürcüstan idmançısı Revaz Çikoidze ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında heç bir idmançı xal qazana bilmədiyi üçün görüş qızıl xala qədər davam etdirilib. Rəqib yuka xalı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamız yarışı 11 medalla başa vurub. Turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. Bu gün isə yığmamız daha 1 gümüş və 1 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə