"Everton" Araz Abdullayevin müqaviləsini təsdiqlədi

"Everton" Araz Abdullayevin müqaviləsini təsdiqlədi

İngiltərənin "Everton" klubundan "Neftçi"yə xoş xəbər daxil olub. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, "Everton" klubu flaqmanın futbolçusu Araz Abdullayevlə müqaviləsini təsdiqləyib.

Xatırladaq ki, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə Araz Abdullayevin "Everton"a transferi ilə bağlı müqaviləsinə Azərbaycan futbolunun inkişafı və futbolçumuzun xeyri naminə bir neçə bənd əlavə olunmuşdu. Sevindirici haldır ki, "Everton" tərəfi də bunu təsdiqləyib. Bir sözlə, Araz yanvarın 1-dən "Everton"un futbolçusu olacaq. Bununla əlaqədar İngiltərə klubunun rəhbərliyi Bakıya təşrif buyuracaq və paytaxtımızda müqavilənin imzalanması mərasimi keçiriləcək.

Araz Abdullayev bununla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Everton"un futbolçusu olacağım üçün qürur duyuram. Mənə belə şərait yaradıldığına görə "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Həm Azərbaycanın, həm də "Neftçi"nin adını uca tutmağa, vətənimi layiqincə təmsil etməyə çalışacağam. Ümid edirəm ki, gözəl oyunumla həm "Everton" fanatlarını, həm də azərbaycanlı azarkeşləri sevindirəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə