"Bəzi səhvlər psixoloji və fiziki yorğunluğumuzun göstəricisi idi"

Topaz Premyer Liqasının IX turunun son qarşılaşmasında cari çempionatda ilk məğlubiyyətini alan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ”ylə baş tutan oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis futbolçularından razı qaldığını bildirib.

- “Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm. Xeyli sayda qol epizodu görsək də, cəmi bir qol oldu. Oyunçularımın hamısından razı qaldım. Xeyli rotasiyalara əl atsaq da, hər kəs tapşırıqlarımı yerinə yetirdi. Komandada bir qədər yorğunluq olsa da, növbəti görüşlərə hazır olmalıyıq.

- 4 gün əvvəl “Atletiko”ya qarşı keçirdiyiniz oyunun bugünkü qarşılaşmanın nəticəsinə nə dərəcədə təsiri oldu?

- Yəqin ki, oldu. Bəzi oyunçuları start heyətində buraxmamağımız da bununla əlaqədar idi. Bu cür matçlardan sonra bəzi futbolçular çempionata tam köklənə bilmir. Bəzi səhvlər psixoloji və fiziki yorğunluğumuzun göstəricisi idi.

- Qol epizodunda ofsayd şübhəsi yarandı...

- Şübhəli epizod çox oldu. Gərək təkrarlara baxaq. İnsan faktorunu nəzərə alaq. Səhv olubsa da, üzərində dayanmamalıyıq.

- Futbolçular tez-tez yıxılırdı. Meydançada nə problem var idi?

- Əvvəlki ilə müqayisədə ot daha qısaydı və belədə, daha yüksək sürətdə oyun gedir. Bir də ki, rayon yerində şeh daha tez düşür və bu da futbolçuların sürüşmələrini şərtləndirirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə