Bu gün peşəkar boksçu Əli İsmayılov mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, idmançı ilə yanaşı konfransda onun məşqçisi Etibar Salehov da iştirak edib. Ə.İsmayılov karyerasının 2 hissəyə bölündüyünü qeyd edib: "İdmançı karyeram həvəskar və peşəkar olaraq 2 hissəyə bölünür. İlk hissədə məşqçim Rauf Cabbarov, ikinci hissədə isə Etibar Salehov olub. Afina Olimpiadasından sonra qərara aldım ki, peşəkar döyüşlə məşğul olum".
O, sentyabrın 25-də Rusiyanın Murmansk şəhərində keçirilən PABA kəməri uğrunda dünya çempionatına qatıldığını və Macarıstan idmançısı Jozef Noqi ilə döyüşdüyünü bildirib. Ə.İsmayılov 12 raunddan ibarət döyüşün 3-cü raundunda rəqibini nokaut etdiyini deyib. İdmançı yarışın rəsmi qonağı qismində olan Nikolay Valuevin kəməri macarın belindən çıxararaq onun belinə bağladığını vurğulayıb.
Ə.İsmayılov növbəti döyüşündə Almaniyada keçiriləcək döyüşdə WBO kəmərini almağa çalışacağını bildirib.
İdmançı Azərbaycanda peşəkar boksa yetəri qədər diqqət göstərilmədiyini deyib: "Bizə bütün dünyada hörmət edirlər. Azərbaycanda isə peşəkar boksa diqqət olunmur. Azərbaycanda həvəskar boksa göstərilən qayğıdan peşəkar boksa da göstərilməsini arzu edirəm. Bütün peşəkar boksçular dünya döyüşlərində iki ölkəni təmsil edirlər. Mən də qələbə qazananda öncə Azərbaycanın himni səsləndirilir və bayrağı qaldırılır, sonra isə Rusiyanın. Bunu bizdə çoxları düzgün başa düşmürlər".
Daha sonra idmançının məşqçisi E.Salahov da bu barədə danışıb: "Mənim Əlidən sonra gələn yetirməm yoxdur. Əli də 2 matçdan sonra karyerasını başa vuracaq. Biz yeni idmançılar yetişdirməliyik. Ona görə peşəkar boksa diqqət ayrılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB