"Bu qələbələr bizi rahatlaşdırmamalıdır"

“Futbolçularıma gözəl qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərimizə də sonadək dəstək olduqları üçün çox sağ ol deyirəm. Komanda yavaş-yavaş özünə gəlir. Lakin bu qələbələr bizi rahatlaşdırmamalıdır. Çünki bizi qarşıda daha çətin oyunlar gözləyir. Çıxışımızı daha yaxşı səviyyəyə çatdırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” dünən səfərdə “Səbail”lə qarşılaşıb. Uzun müddətdir uğursuz çıxış edən “ağ-qaralar” debütant qarşısında 4:0 hesablı qələbəyə sevinib. Oyundan sonra açıqlama verən Əhmədov bəzi dəyişikliklərə məcbur qaldıqlarını bildirib: “Petrovun olmaması bəzi dəyişikliklər etməyimə səbəb oldu. Bu gün də Meza Kolli qırmızı vərəqə aldı”.

- Qırmızı vərəqə epizodu barədə nə deyə bilərsiz?

- Həmin epizodu görməmişəm. Təkrara baxacam. Əvvəllər də demişəm, son ümid foluna görə qayda pozuntusuna normal baxıram. Ancaq oyunçu ehtiyac olmayan bir vəziyyətdə qırmızı alırsa, cəzası olmalıdı.

- Bu gün Rəşad Sadiqov müdafiənin mərkəzində çıxış edirdi...

- Rəşad “Qəbələ”də də həmin mövqedə oynamışdı. Onun Derlislə oyunu yaxşı alındı. Ancaq Sadiqovun həmin mövqedə oynatmağımın səbəblərdən biri də məcburiyyət idi. Belə ki, Petrovun sarı vərəqə limiti dolduğundan, Rəşada şans verməli oldum.

- Sizi komandada daha çox hansı məqam narahat edir?

- Qruplaşma məsələsi məni çox narahat edirdi. Bu problemi həll eləmişəm. Komandanın təməli düzgün qurulmamışdı. Bir mövqedə 3-4, digər mövqedə isə 1-2 oyunçumuz var. Belədə, onları əvəz etmək çətin olur. AZAL-da bəzən 3 müdafiəçi ilə çıxış edirdik. Burda da oxşar problemlər var.

- Komandanı növbəti turda “Kəpəz”lə Gəncədə çətin oyun gözləyir. Orda anşlaq olacağı gözlənilir...

- Bu saat düşünmürəm ki, Gəncədə bizi anşlaq gözləyir. Hazırda yalnız komandanın oyununa köklənmişəm. “Zirə” və “Qəbələ” ilə oyunlarda futbolçulardan yalnız nəticəyə oynamağı tələb etmişdim. “İnter”lə oyun isə sübut etdi ki, bizim komandada potensial var. Azarkeş amili bizə problem yaratmamalıdı. Bu, əksinə oyunçulara stimul olmalıdı. Həmin oyunda əsas problem Meza Kollinin yoxluğu ola bilər.

- Komandaya hələ də fiziki hazırlıq üzrə məşqçi təyin olunmayıb...

- Danışıqlar gedir, hələ ki, dəqiq bir şey yoxdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...