Şahmatçılarımız Avropadan 3 qızıl və 1 gümüşlə dönürlər

Şahmatçılarımız Avropadan 3 qızıl və 1 gümüşlə dönürlər
Sentyabr ayının 20-də Gürcüstanın Batumi şəhərində start götürmüş 8-18 yaşlı oğlan və qızların Avropa Çempionatındakı marafon başa çatıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, 80-ə yaxın şahmatçımızın iştirak etdiyi Avropa çempionatında təmsilçilərimiz tendensiyanı pozmayıblar. Belə ki, müstəqillik illərindən indiyə qədər vətənə əliboş qayıtmayan zəka sahiblərimiz bu dəfə də ənənəyə sadiq qalıblar. 8 yaşlı oğlanlarda Abdulla Qədimbəyli 8 xalla, 14 yaşadək qızlarda Fətəliyeva Ülviyyə 7.5 xalla və 18 yaşadək oğlanlar arasında  Vasif Durarbəylinin 8 xalla qazandıqları medalların əyarı qızıl olub. Əlavə olaraq 6.5 xalla Xəyalə Abdulla 18 yaşa qədər qızlar arasında bürünc medal qazanıb.
Digər şahmatçılarımız da yüksək nəticələr əldə etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər. Belə ki, Aslanov Fərid (8 yaş, 6 xal), Nağdıyev Niyazi (6.5 xal), Axundov Şəmşəd (6.5 xal), Xanım Balacayeva (6.5 xal, hamısı 10 yaşaqədər), Sadıxov Ülvi (12 yaş, 7 xal), Məmmədova Nərmin (6.5 xal), Höccətova Aydan (6 xal, 12 yaş), Əmrayeva Aytən (6 xal, 14yaş), Məmmədov Zaur (6.5 xal), Abasov Nicat (6 xal), Nərmin Xələfova (6 xal, 16 yaş), Ayaz Məmmədov (5.5 xal) və Nərmin Kazımova (6.5 xal, 18 yaş) ilk onluqda qərarlaşıblar.
Qeyd edək ki, Batumidə keçirilən Avropa Çempionatında iki beynəlxalq hakimimiz - Namiq İsayılov və İkram Xəlilov da yer almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə