Elçin Cəfərov: “Zamana ehtiyac var” AÇIQLAMA

Elçin Cəfərov: “Zamana ehtiyac var” AÇIQLAMA

“Azərbaycan Güləş Federasiyası olaraq idmançı və məşqçilərin sosial problemlərinin həlli, yarışlar və təlim-məşq toplanışlarında iştirakını təmin üçün üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Hazırda federasiya yeniyetmə və gənclərdən ibarət yığma komandaların Avropa və dünya birinciliyində iştirakı ilə məşğuldur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov deyib.

O, əsas yığma komandanın üzvlərinin mediada səsləndirdiyi etirazlar haqqında fikirlərini bildirib: “Yığma komandanın üzvlərinin səsləndirdiyi etirazlar onların fikirləridir. Hər kəs öz fikrində və istəyində qala və onu səsləndirə bilər. Ancaq bəziləri bu məsələni qəsdən çox qabardırlar və bundan sui-istifadə edənlər olur. Araşdırmadan informasiya yazmaq olmaz. Jurnalistlər informasiyaları dərindən araşdırandan sonra verməlidirlər. Problemlər var və federasiyada bu problemlərin həll olunması istiqamətində işlər aparılır. Federasiyalar ictimai təşkilatdır. Federasiyanın biznesi yoxdur. İmkan olan zaman bütün lazımi işlər artıqlaması ilə görülüb. Bu gün isə biraz maliyyə problemləri var. O da yaxın zamanda öz həllini tapacaq. Əgər varsa, pul veriləcək. Ola bilməz ki, bir idmançıya pul verilsin, birinə verilməsin. Vardırsa, hamısına pul veriləcək, yoxdursa, real vəziyyəti qəbul etmək lazımdır. Dünyanın heç bir ölkəsində federasiya idmançıya maaş vermir. İdmançılar Milli Olimpiya Komitəsi, nazirlik, hansısa klub və ya cəmiyyət, təşkilat, hər hansı iş yerindən maaş alırsa, federasiyadan məvacib almır. Federasiya imkanı olanda idmaçıya pul verir. Bu gün isə imkan biraz zəifləyib. Bu o demək deyil ki, tələb formasında federasiyadan pul istəmək olar. İdmançıların hamısı müxtəlif yerlərdən əmək haqqı alırlar”.

Elçin Cəfərov yaxın zamanda problemlərin aradan qaldırılacağını qeyd edib: “Hər bir sahədə, ailədə də problemlər olur. Buna biraz səbrlə, dözümlə, insafla yanaşsınlar. Bu səviyyəyə gəlib çıxmamalı idi. Bundan düşmənlər bəhrələnib, Azərbaycan idmanına qarşı istifadə edirlər. Zamanında o idmançılar nə istiyibsə, hamısı olub. Başqa ölkələrin komandasında 1 həkim olanda, bizim komandada 5 həkim, 5 massajist olurdu. Güləşçilərin əməliyyatlarına, toylarına, hüzürlərinə - hamısına kömək olunub, əl tutulub. Mən onları da başa düşürəm, bu idman həyatı, qısa karyeradır. İdmançılar zəhmət çəkirlər, zədələr olur. Ancaq bu vəziyyətlə hamı yaxından və dərindən maraqlanır. Hamı bu prosesin içindədir. Zamana ehtiyac var. Kimin düz, kimin səhv olduğunu zaman göstərəcək. Həmin o titullu idmançılar yenə ölkəmizin şərəfini qoruyacaq, öz işləri ilə məşğul olacaqlar. Azərbaycan qədər idmançıya diqqət və qayğı göstərilən yer yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə