ATGTİ-nin sədr müavini EYCA-nın idarə heyətinin üzvü seçildi

EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın idarə heyətinə azərbaycanlı gənc seçilmişdir.
ATGTİ-nin sədr müavini EYCA-nın idarə heyətinin üzvü seçildi

Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib. Gənclər və İdman Nazirliyininin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, 36 Avropa ölkəsinin təmsil olunduğu Assambleyada Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Beynəlxalq əlaqələr departamentinin direktoru Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, “Azərbaycan Tələbə Kartı” daşıyıcısı Fərhad Səyidov iştirak ediblər.

Budəfəki Assambleya EYCA idarə heyətinin son dönəmi olub və keçirilən konfransda yeni prezident və idarə heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın idarə heyətinə azərbaycanlı gənc seçilib. ATGTİ-nin nümayəndəsi Faiq Məmmədov keçirilən səsvermə nəticəsində öz rəqiblərini geridə qoyub və EYCA-nın ali idarəetmə orqanı olan idarə heyətinin üzv seçilib. Xatırladaq ki, Faiq Məmmədov EYCA-nın 30 illik fəaliyyəti dövründə ən gənc idarə heyətinin üzvüdür. Keçirilən konfransda ATGTİ-nin Azərbaycan Tələbə Kartı ilə bağlı fəaliyyətindən geniş bəhs olunmuş və bu fəaliyyət EYCA rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb.

Baş Assambleyada ATGTİ-ni təmsil edən Faiq Məmmədov EYCA-nın ən ali idarəetmə orqanı olan idarə heyətinə namizəd qismində çıxış edibdir. “Belgrade City Hall”da keçirilən Assambleyanın açılış mərasimində EYCA-nın prezidenti, idarə heyətinin üzvləri, 36 Avropa olkəsinin təmsilçiləri, həmçinin Belqrad şəhərinin icra orqanları və Serbiyanın Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.

Assambleya çərçivəsində öz ölkələrində fəaliyyətləri ilə fərqlənən kart sahiblərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da artırılması məqsədilə assambleyada iştirak edən hər ölkənin aktiv kart daşıyıcıları üçün 3 günlük maarifləndirici və əyləncəli seminarlar keçirilib. Seminarlar çərçivəsində iştirakçılar müxtəlif proqramlarda iştirak etmiş, həmçinin, kart ilə bağlı öz fikir və ideyalarını təklif formasında hazırlayaraq EYCA-nın idarə heyətinə təqdim ediblər.

Məlumat üçün bildiririk ki, hazırda 36 ölkənin daxil olduğu Assosiasiyanın fəaliyyətinin nəticəsi olaraq 6 milyondan çox kart sahibi mövcuddur və dünyada 80 minə yaxın müəssisədə bu kartlar keçərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə