BŞH rəsmisi: “Formula 1-i daha çox insanlara sevdirməliyik” AÇIQLAMA

BŞH rəsmisi: “Formula 1-i daha çox insanlara sevdirməliyik” AÇIQLAMA

"Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün Sahil və Sabir parklarında yerləşən ayaqüstü zonaların yaradılması bu il üçün yeni layihədir. Sözügedən zonaların biletlərini satışa bu həftə çıxarmışıq. Biletləri şəhərdəki 13 satış nöqtəsindən əldə etmək olar". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim deyib.

O qeyd edib ki, Sahil və Sabir parklarında yerləşən ayaqüstü zonaların biletlərinin qiymətinin ucuz olması Formula 1-i ölkəmizdə daha çox insana çatdırmaq məqsədi daşıyır: "Bu zonalara giriş imkanı verən birgünlük biletlərin qiyməti cümə günü (23 iyun) üçün 10 AZN, şənbə günü (24 iyun) üçün 20 AZN və əsas yarışın baş tutacağı bazar günü (25 iyun) üçün 40 AZN təşkil edir. Hər üç bileti bir arada almaq istəyənlər cəmi 50 AZN ödəməlidirlər. Bu biletlər hər iki parka giriş imkanı verir. Parkların ərazisi çox böyük olmasa da, orada yarışı izləmək, əyləncələrdə iştirak etmək rahatlıqla mümkün olacaq. Sahil parkına rahatlıqla 2500-3000, Sabir parkına isə 700-800 insan yerləşə bilər. İki parkda birlikdə 3-4 minə qədər insanın yarışı izləmək imkanı var. Bu biletlərin nə qədər satılacağını bilmirik. Təxmin edirəm ki, sözügedən biletlər daha çox Azərbaycanda populyar olacaq. Çünki xaricdən gələnlərin təyyarə biletləri, qalmaq, yemək xərclərinə baxanda əsas biletlərin qiymətləri onlar üçün çox görsənmir. Ona görə, xarici qonaqlar tribuna biletlərinə üstünlük verirlər. Hazırda 56 faiz bilet xaricdən alınıb. Ancaq son bir ayda bu statistika mütləq dəyişəcək. Düşünürəm ki, biletləri təxminən 70 faiz Azərbaycan, 30 faiz xaricdən gələn azarkeşlər alacaqlar".

B.Özerdim vurğulayıb ki, biletlərin qiymətlərini formalaşdırarkən "Formula One Management" şirkəti ilə məsləhətləşmələr aparılsa da, son qərar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə məxsusdur: "Biletlərin qiymətlərini formalaşdırarkən digər ölkələrdəki qiymətləri də nəzərə alırıq. Formula 1 Azərbaycanda yeni idman növüdür. Bu idman növünü ölkədə daha çox insanlara sevdirməliyik. Buna bənzər kiçik zonalar başqa ölkələrdə də var. Bizim onların çoxundan fərqimiz şəhərin ortasında olmağımızdır. Trek şəhərdən kənarda olanda orada azarkeş yerləri istənilən kimi planlaşdırıla bilir. Biz isə şəhərin ortasında mümkün yerlərdən istifadə etməyə çalışırıq. Bu il üçün Sahil və Sabir parkları seçildi. Əgər maraq belə davam etsə, 2018-ci ildə şəhərin daha fərqli yerlərində azarkeş zonaları açmaq üçün layihələrimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə