"Azərbaycan Belarusa II Avropa Oyunlarının keçirilməsi üçün ancaq təşkilati yardım göstərə bilər. Burada heç bir maliyyə yardımından söhbət getmir". SİA-nın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi ilə bağlı Belarusa heç bir maddi yardım etməyəcək: "Bizim güclü yerli mütəxəssislərimiz var. Belarus prezidenti ilə bu məsələyə dair söhbətimiz olub. Öz dəstəyimiz, məsləhətlərimizi əsirgəməyəcəyik. Lazım gəlsə, öz mütəxəssislərimizi kömək üçün Belarusa göndərə bilərik. Ancaq maddi yardımdan söhbət gedə bilməz".
MOK-un vitse-prezidenti Azərbaycanın 2019-cu ildə Avropa Olimpiya Festivalına ev sahibliyi edə biləcəyini qeyd edib: "Belarusun II Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərardan bir gün öncə Minskdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası oldu və bu məsələ qaldırıldı. Bu zaman Belarusun dövlət başçısı və ölkənin Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenkonun cavabı məlum deyildi. Onun cavabının müsbət və ya mənfi olması bilinmirdi. Çünki 2019-cu ildə Minsk Avropa Olimpiya Festivalına ev sahibliyi etməli idi. Bu da problem yaradırdı. Azərbaycan üçün II Avropa Oyunlarının keçirilməsi vacib idi. Mən İK-nın iclasında Belarusun II Avropa Oyunlarını keçirəcəyi təqdirdə Azərbaycanın Avropa Olimpiya Festivalına ev sahibliyi etməsinin mümkün olacağını söylədim. Festivalı keçirmək asan iş deyil. Bunun üçün 5 il öncədən namizədlik irəli sürülməli, seçkilərdə iştirak edilməlidir. Amma bizim üçün çox rahatdır. Çünki bizim üçün heç bir prosedur olmayacaq. Ölkəmizin bütün infrastrukturu hazırdır. Bu təklifimi Belarus prezidentinə çatdırdılar. Ertəsi gün iclas keçirildi və A.Lukaşenko ölkəsinin II Avropa Oyunlarını qəbul etdiyini bildirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB