Azərbaycan mətbuatına ağır itki üz verib

Azərbaycan mətbuatına ağır itki üz verib

Azərbaycan mətbuatına ağır itki üz verib. Siasport.az saytı xəbər verir ki, əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi Valid Sənani uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

V.Sənani 1935-ci il mayın 12-də İçərişəhərdə anadan olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olub. Valid Sənani 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirib. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən 1967-ci ilədək radionun "Xəbərlər" baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin "Səhər" redaksiyasında redaktor, 2001-2005-ci illərdə "Lider" televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından "Space" televiziyasında redaktor işləyib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər. "Qərb" universitetində jurnalistlərə "Azərbaycanda radio və televiziyanın yaranması və inkişafı tarixi" və "Nitq mədəniyyəti" fənlərindən dərs deyib. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvü olub.

1989-cu ildə "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb.

23 yanvar 2011-ci ildə vəfat edib.

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə