\"Qarabağ\" niyə Qarabağda oynamır? (1-ci hissə)

\"Qarabağ\" niyə Qarabağda oynamır? (1-ci hissə)

Cəbhə xəttinin beş addımlığında yerləşən, Ağdamın rayon mərkəzi statusunu müvəqqəti daşıyan Quzanlı bəlkə də heç vaxt belə izdiham, belə bayram yaşamamışdı. Bütün Qarabağın sevimlisi \"Qarabağ\" futbol komandası doğma divarlar arasında oynamağa qərar verib Ağdama dönmüşdü. Bu gəlişin pişvazına uşaqlı-böyüklü bütün el çıxmışdı. Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda iynə atsan yerə düşməzdi. Tribunalarda bir dənə də olsun boş yer qalmamışdı. Oturmağa yer tapmayan yüzlərlə tamaşaçı ayaq üstə qalmışdı.

Adamların gözlərində sevinc qığılcımları oynayır, baxışlarından fərəh süzülürdü. Doğma komandanın bu tarixi dönüşü onlarda təsəvvürə gəlməyən elə yüksək əhval-ruhiyyə yaratmış və bu yurda bağlı könülləri qələbəyə kökləmişdi. Adi idman yarışının, konkret desək, bir futbol oyununun adamların varlığında belə təlatüm, sakit bir dənizdə qəfil qopan fırtınaya bənzər qeyri-adi oyanış yaratmasını heç kəs bu səviyyədə gözləmirdi.

Onda 2009-cu il mayın 3-ü idi. \"Qarabağ\" doğma divarlar arasında ölkə çempionu \"İnter\"lə ilk oyuna çıxdı. İlk oyun, ilk qazanılmış xal. Qazanan təkcə futbol komandası deyildi! Sanki bütün Qarabağ camaatının üstünə gün doğmuşdu. Bölgə əhalisinin davranışında, həyat tərzində, əmək ritmində ciddi dəyişikliklər baş vermişdi. Bir-birinə göz aydınlığı verən adamlar bir az da yaxınlıq edib, daha mehriban olmuşdular. Kənd adamları əkin-biçin işlərinə daha həvəslə girişmişdilər. İşsiz adamların çayxana qeybətləri də mövzusunu dəyişib inama, qələbəyə, birliyə yönəlmişdi. Qəsəbənin uşaqları dərsdən sonra futbolçuların qaldığı Olimpiya İdman Kompleksinin həndəvərində dolaşır, öz sevimli qəhrəmanları ilə tanış olmağa, dostluq qurmağa can atırdılar.

Beləcə \"Qarabağ\" futbol komandasının dönüşü Ağdamın həyatında nikbin işartıları diqqət çəkən yeni bir səhifə açmışdı. Əlbəttə, bu gözlənilən idi! Qarabağa və qarabağlılara həmişə xüsusi qayğı və diqqət göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə ilk dəfə kənddə müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi məhz Quzanlıda tikildi.

Söz yox ki, Quzanlıda belə möhtəşəm idman kompleksi tikilməsəydi, dövlətin qayğısı ilə ölkənin ucqar bir əyalətində belə gözəl bir şərait yaradılmasaydı, \"Qarabağ\"ın doğma divarlar arasına dönüşü, bu dönüşlə bütün bölgə əhalisinə sonsuz sevinc, böyük ruh yüksəkliyi bəxş etməsi mümkünsüz olardı!

\"Qarabağ\" Ağdamda son oyununu bu il mayın 9-da oynayıb. Doğma divarlar arasında \"Xəzər-Lənkəran\"ı 2:1 hesabı ilə məğlub edib. Ən çox sevinənlər arasında \"Qarabağ\" klubunun vitse-prezidenti Tahir Gözəl də var idi. Komanda rəhbərinin qələbədən sonra dedikləri: \"Möhtəşəm! Bir kəlməylə ifadə olunacaq bir duyğudur. Çox həyəcanverici bir an idi. Bilirəm ki, o bölgədə yaşayan insanlar üçün bundan gözəl hədiyyə ola bilməzdi. İnsanların simalarında \"Qarabağ\" sevgisini sezmək elə də çətin deyildi. Təbii ki, mən də bir \"Qarabağ\"lı olaraq onların duyğularına şərik oldum. Həqiqətən çox möhtəşəm anlardı. Dayanmadan komandasını irəli səsləyən azarkeşləri gördüyümdə bir daha əmin oldum ki, \"Qarabağ\" Ağdama qayıtmaqla çox düzgün addım atıb. Stadiona ilk qədəmi basdığın zaman azarkeş izdihamı insana xoş mənada təsir edir. Əsl azarkeş ruhunu duydum Quzanlıda. Onların hər birinə dərin təşəkkürümü bildirirəm. İnşallah, torpaqlarımız geri qayıtdıqdan sonra doğma \"İmarət\"də oynayaraq azarkeşlərimizə daha bir böyük bayram nəsib edərik...

\"Qarabağ\" sevdası yaşayır. Bu komanda onların ümididir. Biz \"Azersun Holding\" olaraq \"Qarabağ\"a sponsor olduğumuz andan etibarən tək hədəfimiz olub-\"Qarabağ\"ın, \"Qarabağ\" duruşunun torpaqlarından didərgin düşmüşlərin könlündə dim-dik durmasına çalışmaq. Stadiona daxil olarkən, azarkeşlərin sevincini hiss edərkən doğru yolda olduğumuzu bir daha anladıq. Quzanlıda azarkeşlər əsl fanatdırlar. Futbolu izləmək üçün hər cür fədakarlıq etməyə hazırdırlar. Belə azarkeşlərə malik olmaq qürurvericidir. Komandasını 90 dəqiqə dəstəkləyən, daim yanında olan azarkeşlər komandaya əlavə gücdür, həm də komandamızın nə qədər mənəvi əhəmiyyəti olduğunu göstərir. Bizim azarkeşlərimiz \"Qarabağ\"ın ayrılmaz bir hissədir. Mən də belə bir komandaya sahib olduğum üçün duyğulandım. Ağdamda ölkənin son 3 çempionunu qəbul etdik və 2 qələbə, 1 bərabərlik əldə etdik. Elə rəqiblərlə Ağdamda oynamaq özü bir qələbə idi\".

Və bundan sonra komanda Ağdama dönməyib. Aldığımız məlumata görə, Bakının Suraxanı rayonunda T.İsmayılov adına stadionu 20 illiyə, həm də çox baha qiymətə icarəyə götürüb. Əlbəttə, qiymət bizi maraqlandırmır. Quzanlıda hər cür şərait ola-ola Bakıda ucuz, yaxud baha qiymətə stadion kirələmək komanda rəhbərliyinin öz işidir. Amma məsələnin görünən və kifayət qədər böyük narahatlıq doğuran tərəfləri var.

Əvvəla hamıya məlumdur ki, \"Qarabağ\" Bakıdakı bütün oyunlarını əsasən boş tribunalarda keçirir. Oyunları izləməyə 200-300-dən artıq azarkeş gəlmir. Güclü tamaşaçı dəstəyindən məhrum olan komandada hansı əhval-ruhiyyə olacağını özünüz təsəvvür edin. Fanatlar qalıb Ağdamda qovrula-qovrula, komanda üzvləri isə meydançaya yetim uşaqlar kimi çıxırlar. Bu, məsələnin ağrılı bir tərəfi. Bütün Ağdam camaatında böyük narahatlıq doğuran digər tərəf barədə isə adamlar birmənalı düşünmürlər. Görəsən komanda rəhbərliyi T.İsmayılov adına stadionun səlahiyyət sahibləri ilə 20 illik icarə müqaviləsi bağlamaqla hansı məqsədi güdüblər?! Bu müqavilə Ağdamda ruh düşkünlüyünə, bədbinliyə səbəb olub!

Yaranmış vəziyyətlə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən münasibətini bildirməsini xahiş etdik. O dedi: \"Qarabağ\"ın keçən il ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsində keçirməsi böyük bir bayrama çevrilmişdi. İdmana göstərilən qayğı və məhəbbət nəticəsində bu, həyata keçirildi. Ən azından o səhnəni görmək lazım idi. Düz 17 il idi ki, Qarabağ camaatı canlı futbol izləmirdi. Hətta stadionun tutumu az olduğundan, həmin vaxtı icra başçısı söz verdi ki, heç bir intizamsızlığa, qanun pozuntusuna yol verilməyəcək. Sadəcə olaraq xahiş etdi ki, qapıların arxasında yer yoxdur, orada azarkeşlərin yerləşdirilməsinə icazə verilsin. Biz də təbii ki, o insanların qəlbini qırmaq istəmədik, şərait yaratdıq ki, gəlib oyunu izləsinlər.

Bir vacib məqamı qeyd etmək istərdim ki, həmin o bölgəyə gedən legioner futbolçular oyundan bir gün öncə Ağdama gələrək oranın şəraiti ilə tanış edilir, onlara işğal altında qalan torpaqlarımız barədə məlumat verilirdi. Ancaq əfsuslar olsun ki, klub rəhbərliyi tərəfindən verilən məlumata görə, orada kluba olan mənfi təsirlər (klubdan müəyyən xərclərin ödənilməsinin tələb olunduğu nəzərdə tutulur) onları ora getməkdən çəkindirdi. Daha sonra stadionda yarmarka keçirildiyinin şahidi olduq. Bir də ki, Quzanlıda komandanın qalması üçün şəraitin pis vəziyyətdə olması, klub rəhbərliyinin qarşı tərəfdən (Ağdam Rayon İcra Hakimiyyətindən) gördüyü laqeyd münasibət komandanın geri qayıtmasına səbəb oldu. Sonda onu qeyd etmək istərdim ki, bu AFFA və PFL tərəfindən atılmış addım idi. Əfsuslar olsun ki, nə Ağdam rəhbərliyi, nə də klub rəhbərliyi bundan yararlana bilmədilər\".

Göründüyü kimi, bəzi söhbətlər eşidilir ki, komandanın Ağdamda oynaması və qalması üçün münasib şərait yoxdur! Gəlin bu yerdə \"Qarabağ\" klubunun direktoru və aparıcı futbolçuların fikri ilə tanış olaq: \"Bu il ev oyunlarımızı Ağdamda keçirməməyimizin bir neçə səbəbi var. Bunun da birincisi və ən əsası futbolçularda yaranan yorğunluqdur. Bilirsiniz, \"Qarabağ\"ın 7-8 futbolçusu milli komandaların əsas oyunçularıdır. Yığmanın düşərgəsindən geri qayıdıb, Quzanlıda futbol oynamaları istər-istəməz futbolçuda yorğunluq yaradır. Məsələn, Albaniya millisinin üzvü Admir Teli tez-tez vətəninə toplanışlara getməli olur. Elə ona görə də oyunçularımız daha çox yorulur. Bunun nəticəsində komanda üzvləri və baş məşqçinin istəyi ilə biz bu il ev oyunlarımızı Bakıda keçirməyə qərar verdik. Bizim rəhbərlik olaraq bir məqsədimiz var - \"Qarabağ\"ın adını Avropada layiqincə tanıtdırmaq. Biz də ona görə çalışırıq ki, ölkə çempionatında yaxşı nəticə göstərib yenidən qitə miqyaslı turnirdə mübarizəyə qoşulaq, uğurlarımıza yeni qələbələr əlavə edək. Ağdam əlbəttə ki, bizim doğma torpağımızdır. Orada ev oyunlarımızı keçirməkdən çox şad olarıq. Quzanlıda bizə olan hörmət, münasibətdən çox razıyıq. Lakin hazırda reallıq bunu tələb edir ki, biz oyunlarımızı Bakıda keçirək. İnşallah, Ağdam azad olunduqdan sonra \"İmarət\" stadionunu bərpa edib oyunlarımızı orada keçirəcək və çoxsaylı azarkeşlərimizi sevindirəcəyik\".

Əfran İsmayılov (yarımmüdafiəçi): \"Bilirsiniz, bizim işimiz futbol oynamaqdır. Bizə rəhbərlik nə deyirsə, onu da edirik. Təbii ki, Ağdamda oynadığımız oyunlarda komanda olaraq çox yaxşı təsir bağışlayırdıq. Çünki azarkeş amili bizim daha yaxşı oynamağımıza şərait yaradırdı. Orada minlərlə azarkeş önündə, burada isə boş tribunalara oynayırıq. Bir məqamı da qeyd etmək istərdim ki, yolun uzaq olması bizi həddindən çox yorurdu\".

Vüqar Nadirov (hücumçu): \"Ağdamda oynamaq bir futbolçu kimi şəxsən mənə çox rahat idi. Komanda olaraq daha yaxşı futbol oynayırdıq. Düzdür, bəzi futbolçular yolu problem sayırdılar. Ancaq bu məndə heç də narahatçılıq yaratmırdı. Azarkeşlər bizləri çox yaxşı dəstəkləyirdilər. Konkret olaraq \"Qarabağ\" elə Qarabağda oynamalıdır\".

Rauf Əliyev (hücumçu): \"Futbol oynamaq üçün Quzanlı stadionu çox əlverişli idi. Azarkeş amili hər bir komanda üçün çox vacibdir. Ağdamda bizi möhtəşəm dəstəkləyirdilər. Mən də bir hücumçu kimi qol vurduğum zaman bu sevinci azarkeşlərlə paylaşmaq istərdim. Keçən mövsüm orada çox baxımlı və məzmunlu oyunlar nümayiş etdirirdik. Çünki tribunalarda bizi dəstəkləyən yerli azarkeşlər var idi\".

Fərhad Vəliyev (qapıçı): \"Əlbəttə, keçən il Quzanlıda oynamaq daha rahat idi. Demək olar ki, oradakı oyunlarımızın əksəriyyətini qazanmışdıq. Düzdür, Ağdama gedərkən yolun uzun olması bizləri yorurdu. Lakin meydançaya çıxıb azarkeş dəstəyini görəndə bütün yorğunluğumuz yox olurdu. Ən əsası o idi ki, Ağdamda, Qarabağ torpağında futbol bayramı yaşanırdı. İnşallah, gün gələr torpaqlarımız işğaldan azad olar, biz də bütün ev oyunlarımızı doğma arenamızda, Ağdamda daha rahat keçirərik\".

Qarabağın qonaqpərvərliyi hər kəsə yaxşı məlumdur. Söhbət bölgədə hamının candan, könüldən sevdiyi, uğrunda hər fədakarlığa hazır olduğu komandaya qayğıdan, diqqətdən gedirsə, bunu müzakirə obyektinə çevirməyin özü absurddur.

Quzanlı Olimpiya İdman Kompleksinin direktoru Vaqif Balakişiyevin dedikləri:

- Komandanın Quzanlıda oynaması və qalması üçün yetərli hazırlıq işləri görmüşdük. Stadionun ot örtüyünün müntəzəm olaraq təmir edilməsi üçün ehtiyat sahə yaratdıq. Əsas meydançanı vaxtlı-vaxtında suvarmaqdan ötrü İtaliya istehsalı olan güclü su nasosu aldıq. Bütün yaşayış otaqlarına və köməkçi otaqlara televizorlar, peyk antenaları, xalçalar, əlavə qızdırıcılar, yumşaq yataq avadanlıqları alınmış, isti və soyuq suyun fasiləsiz verilməsi təmin edilmişdir. 64 nəfərin eyni vaxtda nahar edə biləcəyi yeməkxana bütün zəruri avadanlıqlarla tam təmin olunaraq komandanın istifadəsinə verilmişdir. Komandanın istəyi ilə yeməkxanada arakəsmələr düzəldilmiş və kondisioner quraşdırılmışdır. Onu da deyim ki, bütün kommunal xərclər, o cümlədən elektrik enerjisi xərcləri idman kompleksinin rəhbərliyi tərəfindən ödənilmişdir. Ən başlıcası isə Ağdamda keçirilən bütün oyunlarda tribunalar tamamilə dolu olmuş, komanda yarışda mühüm amil olan tamaşaçı dəstəyindən yetərincə bəhrələnmişdir. Yekun olaraq onu deyə bilərəm ki, klubun Ağdamda oynamamasını burada münasib şəraitin olmaması ilə əlaqələndirmək ədalətsizlikdir!

Ağdam futbol məktəbinin yetirməsi Elbrus Abbasovu ölkəmizdə yaxşı tanıyırlar. Bir vaxtlar \"Neftçi\"nin \"bombardir\" hücumçusu kimi şöhrət qazanmış Elbrus Abbasov sonralar fasilələrlə yeddi il \"Qarabağ\"ın baş məşqçisi olmuşdu. \"Qarabağ\"ın Ağdamdan ayrı düşməsini o da yolverilməz hesab edir:

- Futbola dövlətimizin böyük uğurla apardığı idman siyasətinin mühüm tərkib hissəsi kimi baxmaq lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü, Qarabağ bölgəsinə xüsusi qayğı və diqqətinin ifadəsi olaraq külli miqdarda dövlət vəsaiti hesabına cəbhə xəttinin beş addımlığında belə möhtəşəm idman kompleksi tikilmişdirsə, bu, səbəbsiz deyil! Qarabağı təmsil edən komanda nə üçün dövlətin yaratdığı şəraitdən, bölgə əhalisinin mənəvi dəstəyindən bəhrələnib Qarabağda oynamır? Quzanlı Olimpiya İdman Kompleksində dəfələrlə olmuşam. Burada hər şey ürəkaçandır! Sağ olsun rayon rəhbərliyi, orada həm oyun üçün, həm də istirahət üçün ideal şərait yaradıbdır. Komandanın maddi-texniki bazası da kifayət qədər güclüdür. Yüksək komfortlu avtobusları var. Oyundan iki gün əvvəl gəlib səmərəli məşq etsinlər. Bu yerlərin saf havasında yaxşıca dincəlsinlər. Tribunaları titrədən çoxminli tamaşaçıların alqışları altında oynasınlar! Belədə qələbə çox asan olur! Onların Ağdama qayıtmamağa mənəvi haqları yoxdur!

Müxtəlif fikirləri dinlədikdən sonra müəyyən qənaətə gəlmək mümkündür. Əvvəla, söylənənlər arasında ciddi ziddiyyətlər var. \"Qarabağ\"ın oyunçularının dedikləri daha səmimi təsir bağışlayır. Təbiidir ki, futbolçu azarkeşi ilə daim təmasda olmalı, ondan müsbət enerji, ruh yüksəkliyi götürməlidir.

Rəsmilərin \"arqumentləri\" isə bəhanəyə oxşardır. \"Legionerlər yorulur, əziyyət çəkirlər!\". Legionerə bir ətək pul verib gecə-gündüz əzizləməliyik?! Yaxud \"uzun yol futbolçunu yorur\" bəhanəsi. Məgər uzaq bölgələrdə yerləşən \"Xəzər-Lənkəran\", \"Simurq\", \"Turan\" və \"Qəbələ\" komandaları az məsafə qət edir, yorulmurlar?! Əslində futbolçu yol yorğunluğundan sonra gücünü bərpa etməyə, yerin, iqlimin dəyişməsindən sonra yüksək oyun göstərməyə alışmalıdır! Bu, dünyanın hər yerində belədir, futbolçunun qisməti budur! Yaxud dövlət başçısı ətək-ətək pul xərcləyib Ağdamda Olimpiya İdman Kompleksi, 17 qəsəbə tikdirir, sponsorun hazır kompleksə 5-10 manat xərcləməyə əli gəlmir? Məgər 20 illik müqavilə havayıdır? Elə həmin vəsaiti Ağdamda xərcləmək olmazdı? Ən nəhayət, sponsorlar pul xərcləməklərini tez-tez xatırlatsalar da, futbol komandasına hamiliyə görə onlara edilən güzəştləri heç yada salmırlar!

Sonda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədovun baş verənlərə münasibətini oxucularımıza çatdırırıq:

- AFFA \"Qarabağ\" komandasının ev oyunlarını Ağdam rayonunun Quzanlı qəsəbə stadionunda keçirməsini dəstəkləməklə bunu regionda futbolun inkişafına, kütləviliyinin genişlənməsinə müsbət təsir göstərdiyi və yerli azarkeşlərin sevimli komandalarının oyununu canlı izləmək üçün geniş imkanlar yarandığı üçün ilk andan müsbət qarşılayıb. Bununla yanaşı onu da qeyd etmək istərdik ki, hər bir klub çempionatda iştirakı ilə bağlı istənilən stadionla müqavilə bağlayıb onun xidmətindən istifadə edə bilər.

Ağdamda, bütöv Qarabağda hamını narahat edən, müxtəlif səviyyəli söhbətlərin əsas mövzusuna çevrilən bir məsələ barədə söhbət açdıq. İndi qərar komanda rəhbərliyinin və AFFA-nındır. Bircə şeyi nəzərə alsınlar ki, nigaran bir ana doğma övladının yolunu gözləyən kimi, külli Qarabağ da \"Qarabağ\"ın xiffətini çəkir, yolunu gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə