Tural Nərimanov: "Özümüzə inamı artırmaq üçün qələbələr lazımdır” AÇIQLAMA

Tural Nərimanov: "Özümüzə inamı artırmaq üçün qələbələr lazımdır” AÇIQLAMA

"Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq. Hazırlığımız əla keçdi. Qarşıda toplu məşqlər var". SİA-nın məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Tural Nərimanov klubun rəsmi saytına deyib. Təcrübəli müdafiəçi Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib: "Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budur. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq".

O qeyd edib ki, bir həftəlik toplanış müddətində "Kəpəz" iki yoxlama oyunu keçirib. "Öncə Yevlaxda əvəzedici heyətlə, daha sonra isə Bakıda "Qaradağ Lökbatan"la qarşılaşdıq. İlk matçda 6:0 hesabı ilə qələbə qazandıq, paytaxtda isə 1:2 hesabı ilə məğlub olduq. Bu mərhələdə keçirilən yoxlama oyunlarının nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola görüşlərə çıxdıq. Əsas olan fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə