Su İdmanı Sarayı əhalinin ixtiyarına verilib VİDEO

Su İdmanı Sarayı əhalinin ixtiyarına verilib VİDEO

Su İdmanı Sarayı artıq əhalinin ixtiyarına verilib. SİA-nın məlumatına görə, qapılarını həm uşaq, həm də böyüklər üçün açmış kompleksdə müxtəlif növ idmanla məşğul olmaq mümkündür. Burada üzgüçülük, rəqs, yoqa, pilates, zumba, sayklinq məşqləri həyata keçirilir.

Su İdmanı Sarayının Mətbuat və Marketinq xidmətinin rəhbəri Aytən Hümbətovanın jurnalistlərə verdiyi məlumata görə, kompleksdə həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulan və Respublikada analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib: "Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik isə müasir texnologiya ilə tənzimlənir. Yarışlar üçün nəzərdə tutulan Olimpiya hovuzunun uzunluğu 50, eni 25, dərinliyi isə 3 metrdir. Suya tullanma hovuzunun uzunluğu isə 25, eni 20, dərinliyi 6 metrdir".

A.Hümbətova qeyd edib ki, üzgüçülüyü öyrənmək istəyən həvəskarlar eni 50, uzunluğu isə 25 metr olan, 20 sıradan ibarət hovuzdan istifadə edə bilərlər. Bildirib ki, həftənin müəyyən günləri yalnız qadınlar üçün xüsusi saatlar təyin olunub.

"Gələcəyimizin idmançıları olacaq balacalarımızı da unutmamışıq. Kompleksdə peşəkar məşqçilərin başçılığı ilə 4-16 yaşlı uşaqlar üçün qrup məşqləri keçirilir", - deyə Mətbuat və Marketinq xidmətinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, 8 zalı olan fitness mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 1500 kvatdarmetr sahə ayrılıb.

A.Hümbətova deyib ki, kompleksin elektrik cərəyanı günəş enerjisi hesabına təmin olunur.

O qeyd edib ki, kompleksə sakinlər tərəfindən böyük maraq göstərilir. Bildirib ki, artıq çox sayda sakinlər burada fəaliyyət göstərən məşqlərə yazılıblar.

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanov jurnalistlərə açıqlamasında müxtəlif yaşlı uşaqlar arasında seleksiya işləri aparıldığını və onları bacarıqlarına görə qruplara böldüklərini qeyd edib: "Uşaqlara standartlara uyğun hovuzlarda məşqlər keçirilir. Burada İspaniyadan gətirilmiş texniki avadanlıqlardan istifadə olunur. Bu da uşaqların üzməyi düzgün texnika ilə öyrənməsinə və texniki hərəkətlərin daha yaxşı qavramasına yardımçı olur. Əsas prioritetimiz bu il birinci sinifə gedən, 2007-2009-cu illər arasında anadan olmuş, su idman növünə antropometrik ölçüləri düzgün gələn, funksionlar baxımdan sağlam olan kiçik yaşlı qız və oğlanların üzgüçülüyə cəlb olunmasıdır".

Qeyd edək ki, kompleksdə, həmçinin gözəllik salonu, SPA, terapiya və masaj kabinələri mövcuddur. Müştərilər sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakuzi xidmətlərindən istifadə edə bilərlər.

Valideynlər körpələrini xüsusi uşaq guşəsinə etibar edərək mərkəzin xidmətlərindən rahat və tələsmədən istifadə edə bilərlər. Uşaqlar burada tərbiyəçi və animatorlarla maraqlı və şən vaxt keçirməklə yanaşı, müxtəlif məntiq oyunlarında iştirak edirlər.

Su İdmanı Sarayının restoranında idman və klassik yemək menyuları da təqdim edilir. Burada şəxsi rasiona uyğun yeməklər seçmək mümkündür. Tədqim olunan yeməklərin inqredientləri və kalori miqdarı menyuda qeyd olunub.

Həftənin bütün günləri səhər saat 07:00-dan axşam saat 23:00-dək çalışan kompleksin ərafında 500 avtomobilin dayanacağı üçün parkinq mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə