Şəhriyar Məmmədyarov: "Karuana ilə mübarizə hələ davam edir" AÇIQLAMA
Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilir. İlk oyun günündə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 3 saat 20 dəqiqəlik mübarizənin yekununda Karuananı mat edib. SİA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında Məmmədyarov partiya haqda bunları deyib: "Debütüm o qədər uğurlu deyildi. Maraqlı açılışdan sonra üstünlük qazandım. Əvvəlcə vəziyyəti dəyərləndirmək çətin idi. Çünki, rəqib əks hücumla partiyada dönüş yarada bilərdi. Ehtiyatlı davranmaq lazım oldu. Hücumu inkişaf etdirdikdə müxtəlif variantlar gördüm. Ən sadəsini seçdim. İndiki zamanda partiyanın baxımlılığından çox nəticə önəmlidir. Bəlkə də o qədər baxımlı olmadı. Əsas nəticədir. Sona yaxın ağ fiqurlar təhlükəni artırdı. Hər bir fiqur rəqibə təzyiq edə bilərdi. İlk görüşdə qələbə qazanmaq yaxşıdır. Amma ikinci görüşü unutmaq olmaz. Karuana ilə mübarizə hələ davam edir".
1/32 finalda Fabiano Karuana azərbaycanlı şahmatçı Rauf Məmmədovu məğlub etməklə Dünya Kubokundan kənarlaşdırıb. Bu mənada Şəhriyar uğur qazanmaqla, həm də komanda yoldaşının intiqamını alacaq. Məmmədyarov şahmatda belə amillər barədə düşünmədiyini deyib: "Hər bir mərhələdə uduzan olur. O barədə düşünmürəm. Karuana çox güclü rəqibdir. Dünya reytinqində üst pillələrdə qərarlaşıb. Son illər stabil oyun sərgiləyir. Sözsüz, daha çox şahmatçımızın mübarizəni davam etdirməsini istəyərdim. Belə fikirləşəndə düşünürəm ki, Raufla oynasaydım daha yaxşı olardı. O zaman azərbaycanlı şahmatçılardan biri istənilən halda 14 finalda olacaqdı".
Qeyd edək ki, 1/8 finalın ikinci görüşü bu gün saat 15:00-da başlayacaq. Məmmədyarov bu dəfə Fabiano Karuanaya qarşı qara fiqurlarla mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB