İsmayıl İsmayılov: "Azərbaycan idmanı daha sürətlə inkişaf edəcək" AÇIQLAMA

İsmayıl İsmayılov: "Azərbaycan idmanı daha sürətlə inkişaf edəcək" AÇIQLAMA

"Ötən il idmançılarımız dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda 805 medal qazanıblar. İlk Avropa Oyunları öncəsi test turnirləri və beynəlxalq yarışlarda idmançılarımız çox uğurlu çıxış etmişdilər. Əmin idik ki, onlar ilk Avropa Oyunlarında uğur qazanacaqlar". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

O qeyd edib ki, idmançının hazırlığına bir göstərici ilə təminat vermək olmaz: "İdmançının hərtərəfli hazırlığı təmin olunmalıdır. Azərbaycan idmançılarının hərtərəfli hazırlığı üçün yüksək şərait yaradılıb. Digər sahələrlə yanaşı, idman da ölkə başçımız tərəfindən hərtəfli qayğı ilə əhatə olunub. Bugünkü nəticələr də həmin diqqət və qayğının nəticəsidir. Ölkə Prezidentinin yarışların final mərhələlərində iştirakı, idmançılara dəstək olması onların daha da uğurlu nəticələr əldə etmələrinə müsbət təsir göstərir".

İ. İsmayılov bildirib ki, Azərbaycan idmanı bugündən sonra daha da sürətlə inkişaf edəcək. Onun sözlərinə görə, Azərbaycanda yeni inkişaf edən idman növlərində də uğurlar qazanılacaq: "Su idman növləri üçün Azərbaycanda dünyanın ən gözəl komplekslərindən biri inşa etdirilib. Əminəm ki, ilk Avropa Oyunlarında yüksək nəticə əldə edə bilməyən idmançılarımız hazırlaşıb, gələcək beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanacaqlar".

Nazir müavini Azərbaycan idmançılarının ilk Avropa Oyunlarında çıxışları barədə də danışıb: "Ölkəmiz "Bakı-2015" ilk Avropa Oyunlarında medal əyarına görə Rusiyadan sonra 2-ci yerdədir. Boksçularımız hazırda çox uğurlu çıxış edirlər. Qarşıdan cüdo idman növü üzrə yarışlar gəlir. Bu növdə də idmançılarımızdan uğurlar gözləyirik. Voleybolçularımız da hazırda uğurlu çıxış edirlər. Əminəm ki, idmançılarımız dövlətimizin göstərdiyi diqqət və qayğını, etimadı öz çıxışları ilə doğruladacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə