Könüllülər "Bakı-2015"də fəaliyyətlərindən danışdılar FOTOREPORTAJ

Könüllülər "Bakı-2015"də fəaliyyətlərindən danışdılar FOTOREPORTAJ

Tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq I Avropa Oyunlarında könüllülərin xüsusi rolu var. Oyunların hazırlıq prosesində, işlərin aparılmasında könüllü fəaliyyət göstərən gənclərimiz həvəslə çalışırlar. Belə möhtəşəm tədbirin təşkilati işlərində yaxından iştirak etmək könüllü gənclərimz üçün də çox əhəmiyyətli və xeyirlidir. "Bakı-2015" I Avropa Oyunlarının könüllülərinin bir hissəsi də Azərbaycan Dillər Universitetinin (ADU) tələbələridir. Sözügedən universitetin tələbələrinin ixtisası birabaşa olaraq xarici dillər olduğu üçün, bütün Avropanın qoşulduğu bu möhtəşəm tədbirdə iştirak onların karyerasının inkişafına xüsusi təkan verəcək.

ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev SİA-ya açıqlamasında bildirdi ki, universitetin rektoru Səməd Seyidovun tapşırığı ilə "Bakı-2015" I Avropa Oyunları ilə bağlı qrup yaradılıb: "Rektor S. Seyidov bu işə özü nəzarət edir. "Bakı 2015"lə bağlı çalışan qrupumuza tapşırıldı ki, müntəzəm şəkildə tələbələrlə görüşlər keçirsinlər, sözügedən məsələnin nə qədər aktual olduğunu tələbələrə izah etsinlər. Qısa müddət ərzində tələbələr I Avropa Oyunlarında könüllü olmaq istədiklərini bildirdilər. "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsindən bizə məlumat gəldi ki, artıq tələbələrin özləri gedib qeydiyyatdan keçiblər. Oyunlarda ADU-nun 2000 tələbəsi könüllü kimi çalışır. Mənim rəhbərliyim altında qərargah yaradıldı. Könüllülərə nəzarət etmək üçün 5 fakültədən 5 tələbə seçildi. Hətta onlara maaş da ayrıldı. Hər gün mənə hesabat təqdim edirlər. Təhsil Nazirliyi ilə mütəmadi əlaqə saxlayırıq. Sevindirici haldır ki, tələbələrimiz vətənpərvərdirlər. Onlar əllərindən gələni edirlər ki, tapşırılan işi layiqincə yerinə yetirsinlər".

"Bakı-2015" I Avropa Oyunlarının könüllüləri olan ADU-nun tələbələri də fikirlərini bildirdilər:

Zibeydə İbrahimova - "Bakı-2015"in könüllüsü, tələbə:

"Beynəlxalq Münasibətlər fakültəsində təhsil aldığıma görə düşünürəm ki, ilk Avropa Oyunlarında iştirak etmək mənim üçün vacib və qürurvericidir. Həm də aktivliyi sevən bir insan kimi Tələbə Gənclər Təşkilatının üzvüyəm. Bizim universitetin tələbələri İlk Avropa Oyunlarına xüsusi maraq göstərirlər. Tələbələrin "Bakı-2015"ə könüllü kimi qoşulmaqlarının bir səbəbi də dil biliklərini daha da təkmilləşdirməkdir. Bu, bizim üçün böyük bir təcrübədir".

Aydın Saditov - "Bakı-2015"in könüllüsü, tələbə:

"İlk Avropa Oyunlarının Bakıda keçirilməsi həm bir tələbə, həm də vətəndaş kimi məni olduqca sevindirir. Burada könüllü kimi iştirak etməkdən məmnunam. "Bakı-2015"də könüllü kimi iştirak etmək mənim xarici dil biliyimin formalaşmasında böyük kömək edəcək. Burada biz həm də kollektivdə işləməyi öyrənirik. İlk Avropa Oyunlarında qonaqların qarşılanması, istiqamətləndirilməsi və yerləşdirilməsində köməklik göstərirəm".

Gülnar Heydərova - "Bakı-2015"in könüllüsü, tələbə:

"İlk Avropa Oyunlarında könüllü olaraq iştirak etdiyim üçün qürur hissi keçirirəm. ADU-nun tələbələri olaraq bu Oyunlarda böyük məmnuniyyətlə iştirak edirik və çalışırıq ki, bunun öhdəsindən yüksək səviyyədə gələk".

Amal Süleymanov - "Bakı-2015"in könüllüsü, tələbə:

"Regionşünaslıq və Beynalxalq Münasibətlər fakültəsində oxuyuram. Xaricdən gələn qonaqların qarşılanmasında fəal iştirak edirəm. Bildirmək istəyirəm ki, ADU-nun 2000-dən çox tələbəsi "Bakı-2015"də könüllü kimi fəaliyət göstərir. Könüllü fəaliyyəti bizə böyük təcrübə qazandırır".

Oruc Nəsirov - "Bakı-2015"in könüllüsü, tələbə:

"ADU-nun Pedaqoji Fransız-İngilis dilləri fakültəsində təhsil alıram. "Bakı-2015"də könüllü kimi fəaliyyətə başlamağımın əsas səbəbi dil biliklərimi artırmaq istəməyimdir. Burada xarici qonaqlarla ünsiyyətdə oluruq, təşkilati işləri öyrənirik. Bu da bizə təcrübə qazandırır".

Gülrux Əliyeva - "Bakı-2015"in könüllüsü, tələbə:

"İlk gündən aktiv könüllülərə qoşulmuşam. "Bakı 2015" bizə çox töhfələr verir. Hər kəs İlk Avropa Oyunlarında fəaliyyətindən şaddır. Əgər Olimpiya Oyunları deyiləndə Yunanıstan yada düşürsə, Avropa Oyunları deyiləndə ilk olaraq Azərbaycan yada düşəcək".

Pəri Alıyeva - "Bakı-2015"in könüllüsü, tələbə:

"Mən də ilk könüllü kimi yazılanlardan biriyəm. Tərcüməçi kimi könüllü fəaliyyətim mənə çox üstünlüklər qazandırıb. Xaricilərlə birbaşa ünsiyyətdə oluruq, dil biliklərimizi artırırıq və onların mədəniyyəti ilə tanış oluruq. "Bakı-2015" I Avropa Oyunlarında könüllü kimi iştirak etməklə hər bir Azərbaycan gənci fəxr etməlidir. Azərbaycana gələn qonaqları gözəl Bakı ilə tanış etməyi özümə borc bilirəm".

Elgün Vidadioğlu

Zaurə Əmirova

Milyana Həşimova

Bütün xəbərlər Facebook səhifəmizdə