Kubok ağdamlı futbolsevərlərə təqdim olundu

Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün çempionu olan "Qarabağ" klubunun rəhbərliyi, məşqçi və futbolçuları sentyabrın 1-də Ağdam rayonuna gəldilər. Klubun rəhbərliyi, məşqçi və futbolçular əvvəlcə rayonun girişindəki "Şəhidlər" abidə kompleksini ziyarət etdilər.

Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin stadionunda ağdamlılar doğma klublarını sürəkli alqışlarla qarşıladılar.

Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov "Qarabağ" klubunun yaranma tarixi, qazandığı uğurlardan danışdı.

Klubun vitse-prezidenti Tahir Gözəl Ağdam rayonunda gedən sosial-iqtisadi inkişafdan, aparılan abadlıq işlərindən məmnunluğunu ifadə edərək bildirdi ki, "Qarabağ" vacib görüşləri Quzanlı stadionunda keçirə bilər.

Yeni nailiyyətlər qazanmaq üçün daha da çox çalışacaqlarını bildirən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Qarabağın tezliklə işğaldan azad edilməsini və görüşlərin orada keçirilməsini arzuladı.

Sonra çempionluq kuboku futbolsevərlərə təqdim olundu.

Tədbir "Şur" ansamblının ifasında konsert proqramı ilə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə