Elxan Məmmədov: "Paytaxtımız Avro-2020-ni qəbul etməyə ən real namizədlərdən biridir"

Elxan Məmmədov: "Paytaxtımız Avro-2020-ni qəbul etməyə ən real namizədlərdən biridir"

AFFA-nın baş katibi Elxan Məmmədov qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərlə görüşüb, onları təbrik edib və sullarını cavablandırıb. SİA-nın məlumatına görə, o, tələbələr arasında futzal üzrə dünya çempionatında yaş limitini pozduğu üçün yarışdan kənarlaşdırılan tələbə futzal yığması haqda fikirlərini bildirib: "Tələbə futzalçılar arasında yarışda çıxış edən komanda Azərbaycan yığması deyil. Milli komandaları AFFA-nın İcraiyyə Komitəsi təsdiqləyir. Bu komanda isə həvəskarların toplandığı kollektivdir. Onlar AFFA-nın xətti ilə yarışa qatılmayıb. Heç rəsmi saytımız da onların çıxışları haqda məlumat verməyib. Lakin AFFA-nın İntizam Komitəsi bu məsələni araşdırıb müvafiq qərarlar verəcək".

Baş katib "Bakı" klubunun Aleksandr Tomovski və Ruslan Leviqaya görə FİFA-ya olan borclarının artıq ödənildiyini qeyd edib: "AFFA Tomovski üçün 78 min 499 dollar, Leviqa üçün isə 59 min 975 dollar ödəyib. Amma bunu borc şəklində vermişik. Yəni "Bakı"ya kredit açılıb. "Bakı" sabah keçiriləcək ölkə çempionatının püşkatmasında iştirak edəcək.

Əgər biz bu pulu ödəməsəydik, o zaman "Bakı"nın altı xalı silinəcəkdi. Üstəlik komanda I Diviziona da göndərilə bilərdi. Klubun özünün yüksək liqadan imtina edib, I Divizionda çıxış etməsi normaldır, ancaq FİFA-nın həmin klubu I Diviziona göndərməsi tam fərqlidir".

E. Məmmədov "Bakı" üçün yeni sponsor axtardıqlarını bildirib: "Bakı" üçün sponsor axtarırıq. Klub rəhbərliyi söz verdi ki, borclar ödəniləcək və maliyyə durumu düzələcək. Biz də bunu əsas götürüb, komandanı püşkatmaya buraxacağıq.

"Hazırda 2 şirkət "Bakı"ya sponsorluq etmək istəyir. 2 şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdırlar. Əgər vəziyyət düzəlməsə, həmin şirkətlərdən biri yəqin ki, "Bakı"ya sponsorluq edəcək".

Baş katib milli komandamızın FİFA-nın reytinq cədvəlində 10 pillə yüksələrək 73-cü yerdə qərarlaşmasının inkişafdan xəbər verdiyini, komandamızın ötən illərlə müqayisədə daha yüksək mövqedə qərarlaşdığını qeyd edib.

O, klublara AFFA İcraiyyə Komitəsinin qərarı ilə idman direktorlarının təyin olunmasından söz açaraq, mütəxəssislərin işlərinin öhdəsindən gəldiklərini deyib: "Yeni idman direktorlarının təyinatının uğurlu olub-olmaması isə bir müddətdən sonra bilinəcək".

E. Məmmədov Bakının Avro-2020-yə ev sahibliyi etmək istədiyini vurğulayıb: "Paytaxtımız 6 il sonra keçiriləcək Avropa çempionatını qəbul etməyə ən real namizədlərdən biridir. Hazırda turnirə ev sahibliyi etmək istəyən 19 namizəd var. Onlardan 13-ü seçiləcək. Biz də öz namizədliyimizi irəli sürmüşük. Əminəm ki, Bakının qalib gəlmək şansı çoxdur. Digər namizədlərdən coğrafi olaraq, bizə ən yaxın şəhərlər Sankt-Peterburq və Buxarestdir".

O, qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini AFFA-nın rəhbərliyi adından təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə