Güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib YENİLƏNİB

Güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib YENİLƏNİB

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin təntənəli açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasimdə FİLA-nın baş katibi Mişel Dusson, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, FİLA-nın İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev və digərləri iştirak ediblər. Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Daha sonra isə idmançılar paradla arenaya gəliblər.

Mişel Dusson çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə FİLA adından təbrik edib. O, dünyada güləşin inkişafına və bu idman növünün Olimpiadanın proqramında saxlanılmasında dəstəyə görə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

M.Dusson Azərbaycanın yarışı yüksək səviyyədə keçirdiyini, AGF-nin işinin nümunəvi olduğunu qeyd edib.

İsmayıl İsmayılov mərasim iştirakçılarını və qonaqları salamlayıb. Nazir müavini yarışın önəmliliyindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanının inkişafındakı xidmətlərindən söz açıb. İ.İsmayılov cənab prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edib: "Bu siyasətin nəticəsidir ki, Azərbaycanın ən ucqar regionlarında belə idman inkişaf edir".

Nazir müavini ölkəmizdə hər il 40-a yaxın beynəlxalq tədbirlərin keçirildiyini, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Oyunlarının Azərbaycanda təşkil olunacağını vurğulayıb.

Namiq Əliyev yenidən prezident seçilməsi münasibəti ilə ölkə başçısı cənab İlham Əliyevi təbrik edib. O, Azərbaycan güləşinin uğurlarından danışıb, FİLA-ya AGF-yə göstərdiyi etimada görə təşəkkürünü bildirib. N.Əliyev yarışın yüksək səviyyədə, ədalətli idman mübarizəsi şəraitində keçdiyini qeyd edib və bütün idmançılara uğurlar arzulayıb.

Daha sonra Afrika Güləş Konfederasiyasının prezidenti Farid Maskout Afrika qitəsində güləş idman növünün inkişafında, Afrikada güləş infrastrukturunun yaradılmasındakı xidmətlərinə görə N.Əliyevə xatirə kuboku təqdim edib və açılış mərasimi başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə