"Xəzər Lənkəran"ın baş məşqçisi istefa verdi - YENİLƏNİB

"Xəzər Lənkəran" Futbol Klubu qarşılıqlı razılaşma əsasında baş məşqçi Karles Martorell ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, klubun rəhbərliyi bu gün məşqçinin komandadan ayrılmaq təşəbbüsünə etiraz etməyərək, istefa ərizəsini qəbul edib.

"Futbol həyatı gözlənilməzliklərlə zəngindir. Mən buraya komandanın dinamikasını artırmaq üçün gəlmişdim. Ancaq gəlişimlə komandanın çıxışları uğursuz alınmağa başladı. Məhz buna görə, "Qəbələ" ilə oyundan sonra mən rəhbərliyə istefaya getməyim haqqında təklif verdim ki, komandanı irəli apara biləcək başqa namizədlərə yol açım. Düşünürəm ki, indi mənim gedişim üçün ən yaxşı vaxtdır. Ola bilsin ki, mənim məhz indi getməyim komandaya uğur gətirsin", - deyə Karles Martorell saytımıza bildirib. Məşqçinin sözlərinə görə, qış fasiləsinə qədər "Xəzər Lənkəran"ın heyəti kasad idi və o, həmin fasilə ərzində komandanın güclənəcəyinə ümid bəsləyirdi. Lakin "Xəzər Lənkəran"ın son çıxışları onu istefaya getməyə vadar etdi. "Düşünürəm ki, "Xəzər Lənkəran"da qazandığım təcrübə mənim üçün gələcək kariyeramda faydalı olacaq",- deyə ispan mütəxəssis qeyd edib.

Növbəti məşqçiyə gəlincə, Martorell bunları deyib: "Məndən sonra gələcək məşqçiyə heç bir məsləhət vermək istəməzdim. Ancaq ümid edirəm ki, o, kifayət qədər təcrübəli və komandanı irəli apara biləcək gücdə bir mütəxəssis olacaq. Hazırda burada qalan Erik və Emin komandanı daha yaxşı tanıyırlar. Odur ki, onlar komandaya növbəti görüşlərdə uğur qazandırmağa qadirdirlər".

Martorell azarkeşləri də unutmayaraq klub rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü bildirib: "Mən komandalarını çox sevən Lənkəran azarkeşlərini heç vaxt unutmayacağam. Onlar mənə hər zaman dəstək olublar. Eyni zamanda, klub rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Onlar komandaya xüsusi qayğı göstərərək, səmərəli iş üçün lazımi şəraiti yaratmışdılar. Deyə bilərəm ki, mən artıq yaşıl rəngi sevməyə başlamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə