Mahmud Qurbanov: "Uğursuz oyunlar seriyasını artıq dayandırmalıyıq"

Bu gün "Rəvan"la qarşılaşacaq "Kəpəz" dünən keçirilən məşqlə oyunun hazırlıqlarını tamamlayıb. Siasport.az saytının məlumatına görə, komanda artıq oyun saatını gözləyir. Qarşıdakı matçla bağlı düşüncələrini bölüşən baş məşqçi Mahmud Qurbanov Bakı klubu ilə görüşə hazır olduqlarını bildirib: "Son məşqdə futbolçularla təxminən bir saat çalışdıq. Uşaqlar "kvadrat" oynayıb, qapıya zərbələr üzərində işlədilər. Ötən tur müəyyən səbəblər üzündən meydana çıxa bilməyən transferlərimiz bu günkü oyunda çıxış edə biləcəklər. Onların özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram".
M.Qurbanov "Rəvan"la oyunda komandanın qarşısına qoyulan hədəfdən də danışıb: "Meydana çıxıb, qələbə üçün oynayacağıq. Məqsədimiz üç xaldır. Uğursuz oyunlar seriyasını artıq dayandırmalıyıq. Fasilədən sonrakı ilk turda istədiyimiz nəticəni əldə edə bilmədik. İndi bütün fikrimiz "Rəvan"a qarşı görüşdə qələbə arzusunu həyata keçirməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə