“Qızıl Qran Pri” beynəlxalq turniri ilə əlaqədar mətbuat konfransı keçirilib

“Qızıl Qran Pri” beynəlxalq turniri ilə əlaqədar mətbuat konfransı keçirilib

Bu gün Azərbaycan Güləş Federasiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, konfransda çıxış edən federasiyasının baş katibi, beynəlxalq dərəcəli hakim Əjdər Cəfərov yarışın təşkili haqda danışıb. Onun sözlərinə görə, yarışa sentyabrın 21-də Heydər Əliyev adına İdman - Konsert Kompleksində start veriləcək və 23-ə qədər davam edəcək. Final mərhələsində dünyanın 28 ölkəsinin idmançılarının çıxışı gözlənilir. Ə.Cəfərov bildirib ki, hazırda isə 25 ölkə rəsmi olaraq iştirakını təsiqləyib: "Gürcüstan, İran və Rusiya hələlik iştirakını təstiq etməyib. İştirakçı ölkələrin idmançıları Bakıya gəlməkdə davam edir".

Baş katib qeyd edib ki, Bakını yarışda iştirak edəcək idmançılara ətraflı tanış etmək məqsədilə federasiya tərəfindən turlar da təşkil olunacaq.

Konfransda bildirilib ki, yarışlara hər gün saat 10:00-da start veriləcək, axşam saat 20:30-da isə yekun vurulacaq. Açılış mərasimi sentyabrın 20-də saat 17:00-da olacaq. Birinci gün sərbəst güləşçilər, ikinci gün qadın güləşçiləri, sonuncu gün isə yunan-Roma güləşçiləri tatami üzərinə çıxacaqlar. Azərbaycanı sərbəst güləşçilər 3, yunan-Roma güləşçiləri 3, qadın güləşçilər isə 2 heyətlə təmsil edəcək.

1-ci yeri tutmuş idmançılara 10 min AZN, 2-ci yerə 5 min AZN, 3-cü yerə isə 2 min AZN mükafat veriləcək.

Qeyd edək ki, olimpiadada iştirak etmiş idmançılarımız məşqçilərin məsləhəti ilə yarışa qatılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə