Kəmaləddin Heydərov: “Daha bir lisenziya qazanmaq şansımız qalır”

Kəmaləddin Heydərov: “Daha bir lisenziya qazanmaq şansımız qalır”

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirini izləyib. Siasport.az saytının məlumatına görə, federasiya prezidenti Məhəmməd Abdulhəmidov (56 kq) lisenziya qazandıqdan sonra fikirlərini bildirib: "Boksçularımızın çıxışını yaxşı qiymətləndirirəm. Bu yarışda milli komandamızın üzvləri yaxşı təsir bağışladılar. Artıq Olimpiya Oyunlarına 6 lisenziya qazanmışıq. Bu son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir. Daha bir lisenziya qazanmaq şansımız qalır. Əgər Olimpiadaya 7-ci vəsiqəni də alsaq, bu daha səmərəli, daha keyfiyyətli olardı. Lisenziya qazana bilməyən boksçularımıza da gələcək yarışlarda uğurlar arzu edirəm. Çünki onlar həqiqətən yaxşı vuruşdular. Amma lisenziya turnirlərində böyük rəqabət olur. Gərgin mübarizə gedir. Bu dəfə həmin boksçularımızın bəxti gətirmədi. Gələcəkdə onlara da ümid bəsləyəcəyik. 81 kq çəki dərəcəsində mübarizə apartan Vətən Hüseynlidən də lisenziya gözləyirik. O da güclü idmançıdır. İnanırıq ki, komandamıza 7-ci lisenziyanı qazandıracaq".

Məlumat üçün bildirək ki, Kəmaləddin Heydərov boksçularımızın London Olimpiadasındakı perespektivlərinə də toxunub: "Hamımızın məqsədi odur ki, Olimpiya oyunlarında yaxşı çıxış edək. Amma bunun üçün çox çalışmaq lazımdır. Boksçularımız öz üzrlərində daim işləməlidirlər. Həm fiziki, həm texniki, həm də həm də psixoloji hazırlığa diqqət yetirmək lazımdır. Olimpiya oyunlarına 3 ay qalıb. Bu müddətdən səmərəli istifadə etmək gərəkir. Əminəm ki, bokçularımız daha əzmlə məşq edib, Olimpiya oyunlarında layiqincə çıxış edəcəklər".

Qeyd edək ki, Kəmaləddin Heydərov bu gün səhər saatlarında artıq vətənə dönüb.

Bütün xəbərlər Facebook səhifəmizdə