Mirça Luçesku: “Əliyevin zərbəsi, doğrudan da, gözəldir”

Mirça Luçesku: “Əliyevin zərbəsi, doğrudan da, gözəldir”

Donetskin "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku şənbə günü baş tutacaq Kiyevin "Dinamo" komandası ilə görüş ərəfəsində Ukrayna yığmasının çalışdırıcısı Oleq Bloxinlə fikirlərini bölüşüb.


Ukrayna mətbuatına istinadən verilən xəbərə görə, "Avro - 2012" öncəsi Donetskə gələn Bloxin "Metallurq" klubunun məşq bazasını yoxlayıb qiymətləndirməlidir. O, həmçinin "Donbass Arena"da "Şaxtyor"-"Dinamo" oyununu izləyib yığmaya dəvət alan futbolçuların vəziyyətini təhlil etməlidir.


"Bloxinin stadiondan bu matçı izləməsi yığmaya dəvət alan oyunçulara əlavə motivasiya verməyəcək. Bu görüş öz-özlüyündə motivasiya səviyyəsində bir oyun olacaq", deyə "Şaxtyor"un rumıniyalı baş məşqçisi bildirib.


Luçesku əslən azərbaycanlı olan Aleksandr Əliyev barədə də fikirlərini söyləyib: "Əliyevin zərbələrinə diqqət yetirin: "Dinamo" ev oyunlarını süni ot örtüyü olan meydanda keçirir. Ona görə də Aleksandr Kiyevdəki qollarını cərimə zərbəsindən vurur. Amma Əliyevin zərbələri, doğrudan da, gözəldir", deyə "Şaxtyor"un baş məşqçisi "Dinamo"nun yarımmüdafiəçisinin oyun keyfiyyətləri haqda fikirlərini belə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə