Boks üzrə Avropa çempionatında son vəziyyət

Boks üzrə Avropa çempionatında son vəziyyət

Boks üzrə Avropa çempionatının yarımfinalında ən çox idmançı ilə təmsil olunan ölkə Rusiyadır. Siasport.az saytı xəbər verir ki, şimal qonşumuz yarışa ikinci heyətlə gəlməsinə baxmayaraq, 6 medalı özünə təmin edib. Meydan sahibi Türkiyə və son vaxtlar yüksəlişdə olan İtaliyanın 4 təmsilçisi yarımfinal döyüşlərinə çıxacaqlar. Milli komandamız və Gürcüstan idmançıları 3 boksçu ilə 4-5-ci yerləri bölüşürlər. Son illərdə Gürcüstan boksu durğunluqda olduğundan 3 medal qonşularımız üçün böyük uğurdur. Ukrayna və İrlandiya kimi komandaların yalnız 2 boksçusunun medal qazanması isə gözlənilməz olub. İrlandlar son qitə çempionatında 5 medal əldə etmişdilər. Elə Ukrayna da daim dünya boksunda öndə gələn ölkələrdən olub. Ukrayna və İrlandiyadan başqa, Moldova, Uels, Rumıniya, Bolqarıstan və İngiltərə yarımfinalda 2 idmançı ilə təmsil olunacaq. Bədnam qonşularımız Ermənistan komandasının isə yalnız 1 üzvü medal qazana biləcək.

Xatırladaq ki, bu boksçularımızdan Salman Əlizadə (49 kq), Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) yarımfinal görüşlərini keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə