AFFA-da 2026/2027 mövsümü üçün qadın liqalarının formatı müzakirə edilib

AFFA-da 2026/2027 mövsümü üçün qadın liqalarının formatı müzakirə edilib

AFFA-nın Qadın Futbolu Departamentinin və 2026/2027 mövsümündə qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında baş tutan tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, U-17 (qızlar) millinin baş məşqçisi Xanlar Əliyev və U-15 (qızlar) millinin baş məşqçisi Rövşən Qasımov iştirak ediblər.

Görüşdə ötən mövsümün yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, komandalar arasında öncədən aparılmış elektron sorğuda qeyd olunan təkliflər müzakirə olunub. 2026/2027 mövsümündə AFFA-nın bayrağı altında keçiriləcək qadın liqalarının formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların nümayəndələri və liqalar üzrə koordinatorlar da dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə