“Bizi dünya çempionatında maraqlı və dramatik sonluq gözləyir”

Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi bildirib...
“Bizi dünya çempionatında maraqlı və dramatik sonluq gözləyir”

Bizi dünya çempionatında maraqlı, gərgin və dramatik sonluq gözləyir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinin oyunlarını şərh edərkən deyib.

İspaniya millisinin Fransa üzərində 2:0 hesablı qələbəsinə münasibət bildirən mütəxəssis ispanların finala layiqincə yüksəldiyini söyləyib: “İspaniya yığmasının baş məşqçisi Luis de la Fuentenin mətbuat konfransındakı çıxışını xatırlasaq, o, komandanın vahid qüvvə kimi birləşdiyini xüsusi vurğulamışdı. Futbolçular bunu meydanda da sübut etdilər və dünyanın ən güclü komandalarından birinə qarşı istədikləri nəticəni qazandılar. Birliyin və ortaq məqsədin olduğu komandalar tarixdə böyük uğurlara imza atmaq şansı əldə edirlər. İspaniya da bundan maksimum yararlandı. Oyundan əvvəl nisbi üstünlük güclü hücum xəttinə və etibarlı müdafiəyə malik Fransa yığmasının tərəfində görünsə də, İspaniya bunun əksini sübut etdi. Onlar rəqibin təhlükəli hücumlarının qarşısını almaqla yanaşı, fransızların möhkəm müdafiəsini yarmağın da yolunu tapdılar və layiqli qələbə qazanaraq finala yüksəldilər. Bir çox mütəxəssis bu cütün qalibinin dünya çempionu olacağını düşünür”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Argentina və İngiltərə arasında bu gün keçiriləcək digər yarımfinal matçından daha gərgin mübarizə gözlədiyini bildirib: “Bu gün bizi daha maraqlı və dramatik oyun gözləyir. Hər iki komanda həm kollektiv oyunu, həm də fərdi liderləri ilə seçilir. Bir tərəfdə böyük təcrübəyə malik Lionel Messi və komandası, digər tərəfdə isə Cud Bellinqem kimi parlayan gənc futbolçular var. İngiltərə uzun illərdir beynəlxalq turnirlərə sanki sirli qutu kimi qatılır. Onlar hər dəfə iddialarını və böyük hədəflərini ortaya qoyurlar. Bu gün də finala yüksəlmək üçün yaxşı şansa malikdirlər”.

Nisbi üstünlüyün son dünya çempionu Argentina millisinin tərəfində olduğunu deyən Vaqif Sadıqov vurğulayıb ki, İspaniya – Fransa oyunu bütün komandaların çempionluq gücünə malik olduğunu göstərdi: “Qoy güclü qalib gəlsin. Bu gərgin mübarizədən bütövlükdə dünya futbolu qazanacaq”.

Qeyd edək ki, İngiltərə - Argentina matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın qalibi iyulun 19-da keçiriləcək finalda İspaniya yığmasının rəqibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə