Dünya çempionatında üç rekord yenilənib

Dünya çempionatında üç rekord yenilənib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin oyunlarında bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

SİA FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniya millisinin qapıçısı Unai Simon mundial tarixində ardıcıl beş oyunda qapısını toxunulmaz saxlayan italiyalı Valter Zenqanın rekorduna şərik çıxıb. O, eyni zamanda, dünya çempionatında qol buraxmadan keçirdiyi dəqiqələrin sayını 519-a çatdıraraq Zenqanın 517 dəqiqəlik rekordunu geridə qoyub.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu isə dünya çempionatlarının pley-off mərhələsində ilk qolunu vurub. 41 yaşlı futbolçu bununla da mundialın pley-off oyunlarında fərqlənən ən yaşlı futbolçu adına sahib çıxıb. O, bu göstəricidə 39 yaşında qol vuran sabiq komanda yoldaşı Pepeni geridə qoyub.

İsveçrə millisinin 20 yaşlı yarımmüdafiəçisi Yohan Manzambi də tarixə düşüb. O, dünya çempionatında beş qolda pay sahibi olan ən gənc futbolçu olub. Bu göstəriciyə daha gənc yaşda yalnız braziliyalı Pele 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında nail olub. O zaman əfsanəvi futbolçunun 17 yaşı var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə