Əlcəzairli boksçudan gözlənilməz qərar

Əlcəzairli boksçu İman Xelifin sabiq meneceri Nasser Yesfah gözlənilməz açıqlama verib. SİA xəbər verir ki, o, idmançı cinsiyyət qalmaqalından sonra boksa davam etməyəcəyini bildirib.

“İman boks dünyasını tərk etdi, indi hər şeyi dayandırıb. Olimpiya zamanı baş verənlərdən sonra o, yenidən məşqlərə başlamadı və artıq boksa qayıtmır”, – deyə Yesfah .”Nice-Matin” qəzetinə verdiyi müsahibədə söyləyib.

Eyni zamanda, sabiq menecer qeyd edib ki, Xelif peşəkar boksa keçə bilər. “Əgər o peşəkar olarsa, eyni sınaqdan keçməli olacaq”, - deyə o əlavə edib.

Xelif 2024-cü il Olimpiya Oyunlarında iştirakına icazə almışdı, baxmayaraq ki, Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançının cinsiyyət testindən keçmədiyini bildirirdi. Beynəlxalq Olimpiya Komitəsi (IOC), IBA-nı Olimpiya hərəkatından çıxardıqdan sonra, bu tədqiqatın nəticələrini tanımadı və Xelifin doğuşdan qadın olduğunu təsdiqlədi.

Fevral ayında IBA İsveçrə Baş Prokurorluğuna şikayət etməyi planlaşdırdığını açıqlamışdı; şikayət Xelif və Tayvandan Lin Yutinin Olimpiadaya buraxılması ilə bağlı idi. Lin Yuti də cinsiyyət testindən keçməmişdi.

Paris Olimpiadasında Xelif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb, Yuti isə 57 kq çəki dərəcəsində birinciliyi əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə