2024/2025 mövsümünün püşkü atılıb - FOTOLAR

Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında 2024/2025 mövsümünün püşkü atılıb. SİA Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə əvvəlcə komandalara reqlament barədə məlumat çatdırılıb.

Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.

Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.

Yüksək Liqa, I tur

22 oktyabr. Olimpik Star

Baku Fire – Araz-Naxçıvan

Şuşa – Neftçi İK

U-19 – Yasamal Bakı

Birinci Liqa, I tur

20 oktyabr. Olimpik Star

STAR kargo – Xan-Lənkəran

Delta – Djevo Dəyirman

Baku Fire-2 – Çarşı Bakı

Yeni Suraxanı – Ulduz

Dəstə Ordubad – Timsport

PFL - Metropoliten

Qeyd edək ki, yay transfer pəncərəsi oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə