BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Aprelin 15-də BMT-nin Vyana bölməsində narkomaniyaya qarşı mübarizədə beyin inkişafının əhəmiyyəti haqqında məlumatlılığı artırmaq məqsədilə şahmat turniri keçirilib. Tədbir həmçinin idman daxil olmaqla, bütün sahələrdə qadınların hüquqlarının artırılması, səlahiyyətlərinin təmin edilməsinin əhəmiyyətinə həsr olunub. SİA xəbər verir ki, maarifləndirmə məqsədilə təşkil olunmuş tədbir çərçivəsində xarici ölkələri təmsil edən diplomatlar və Vyanada yerləşən beynəlxalq təşkilatların əməkdaşları ilə beynəlxalq usta və qadınlar arasında beynəlxalq qrossmeyster dərəcəsinə malik, hazırda dünya reytinqində 34-cü pillədə yer almış Günay Məmmədzadə arasında blits şahmat turniri keçirilib.

Azərbaycanın BMT-nin Vyana bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Vyana Şahmat Federasiyası tərəfindən birgə təşkil olunmuş tədbirin açılış mərasimində Azərbaycanın Avstriyadakı səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Avstriya üzrə prezidenti Helene Qressenbauer-Rösner, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin nümayəndəsi Anya Busse, Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbeh çıxış ediblər.

Çıxışlar zamanı şahmat kimi idman növlərinin təbliğinin və bir vasitə olaraq fəal şəkildə istifadə olunmasının insanlarda gənc yaşlardan etibarən narkomaniyanın qarşısının alınmasına, ümumiyyətlə stress və asılılığa qarşı davamlılığın inkişafına verə biləcəyi töhfəyə diqqət çəkilib.

Eyni zamanda müxtəlif idman növlərində gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması kimi məsələlərin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb. Belə ki, şahmat idman növü sahəsində qadınlar ilə kişilər arasında böyük iştirak fərqinin mövcud olduğuna, qadınların şahmatda azlıq təşkil etdiyinə diqqət çəkilib. Bu xüsusda Azərbaycan şahmat məktəbinin nümunəvi bir rol oynadığına toxunularaq, reytinqinə görə Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə başda olmaqla ölkəmizin qadın şahmatçılarının uğurlarından bəhs edilib.

Çıxışlardan sonra G. Məmmədzadə ilə diplomatlar arasında blits turniri keçirilib

Bütün xəbərlər Facebook səhifəmizdə