"Güclü klublara qarşı daha diqqətli oynamalıyıq" - Qurban Qurbanov

"Güclü klublara qarşı daha diqqətli oynamalıyıq" - Qurban Qurbanov

"Çox istərdik ki, bu gün bir xal qazanaq. Təəssüf ki, son dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən sonra qol buraxdıq. Amma hər bir halda bu oyun komandamıza təcrübə və dözümlülük baxımından lazım idi. 90 dəqiqə ərzində oyunçular yaxşı mübarizə apardılar. Bugünkü oyundan bir nəticəyə gələ bilərik ki, belə güclü klublara qarşı daha diqqətli oynamalıyıq. Rəqibi yaxşı analiz etmişdik. Bu baxımdan futbolçular meydanda rəqibə qarşı çox səbirli və təmkinli oynadılar". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur çərçivəsində “Bayer 04” klubu ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Əsas heyətdə, xüsusilə də müdafiə xəttində dəyişiklik etməyi sevmirəm. Düşünmürəm ki, oyunçu dəyişikliklərində ciddi bir problem var idi. Sadəcə bir cərimə zərbəsi oyunun taleyini həll etdi. Belə epizodlarda böyük klublara meyil daha çox olub. Hesab edirəm ki, Almaniyada bizimlə bağlı belə bir epizod olsaydı, hakimlər cərimə zərbəsi təyin etmədən öncə daha çox düşünərdilər",- deyə o əlavə edib.

Baş məşqçi azarkeşlərə də öz təşəkkürünü bildirib: "Oyunda dəstəkçilərin çoxluğu futbolçuların oyununa kifayət qədər təsir göstərir. Milli çempionatda da bugünkü oyundakı qədər azarkeş olmağını istərdim. Çünki oyunçuların meydanda məsuliyyətli olmağında azarkeş kütləsinin rolu böyükdür. Azarkeşsiz futbol futbola bənzəmir. Bəzən deyirlər ki, Azərbaycanda azarkeş yoxdur. Mən belə düşünmürəm. Bizim çoxlu sayda həqiqi azarkeşimiz var".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə