"Azarkeşlərimizin oyundan sevinclə ayrılmağı bizi daha da ruhlandırır" - Qurban Qurbanov
"İlk növbədə mən dünənki böyük qalibiyyətimizlə xalqımızı təbrik etmək istəyirəm. Baxmayaraq 44 günlük müharibədə böyük zəfər əldə etmişdik. Dünən sanki bir daha o zəfəri hiss etdik. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandanımıza, ordumuza təşəkkür edirəm. Bu gün də çox sevindik ki, qalib olduq. Biz özümüzü intizamlı, təmkinli aparmalıydıq. Futbolçularıma təşəkkür edirəm ki, belə bir oyun nümayiş etdirdilər. Azarkeşlərimizin oyundan sevinclə ayrılmağı bizi daha da ruhlandırır". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində "Qarabağ"-"Molde" oyunundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Biz istəmərik ki, futbolçularımız mənasız hərəkət etsinlər. Amma bəzən top insanın sözünə və istəyinə qulaq asmır. İnşallah qarşıda daha keyfiyyətli oyunlar nümayiş etdirərik. Ümumən rəqibimizi analiz etmişdik. Bu gün yüksək nizam-intizamlı oyun keçdi. Dünənki zəfərin futbolçulara köməyi oldu. İstər-istəməz sevincli və daha rahat idilər. Oyundan öncə də rəqib futbolçulara bildirmişdim ki, narahatlığa ehtiyac yoxdur. Çünki siz müharibə olmayan bir ölkədəsiniz",- deyə məşqçi əlavə edib.
51 yaşlı baş məşqçi komandanın yeni qapıçısı Andrey Lunev barədə fikirlərini də bölüşüb: "Əvvəlcədən də bildirmişdim ki, təcrübəli qapıçıdır. Doğrudur, bu barədə bir qədər narahatçılığım var idi. Amma qapıçımız öz təcrübəsindən yaxşı mənada faydalana bildi".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə