"Futbol üzrə dünya çempionu Cənubi Amerika ölkələrindən biri olacaq" - FUTBOL ÜZRƏ EKSPERT DANIŞDI

“Dünya çempionatının maraqlı, dinamik və rəngarəng olacağına inanıram. Çempionatda gözəl nəticələr çox olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bildirib.

Ekspert qeyd edib ki, bu ilki çempionatda Argentinanın məğlub olması, Almaniyanın 2:1 hesab ilə uduzması artıq sensasiyaya səbəb oldu: “Ərəbistan və Yaponiya komandası böyük motivasiya və ruh yüksəkliyi ilə qələbə əldə etdilər. Düşünürəm ki, dünya çempionatı ən bahalı çempionat olmaqla yanaşı eyni zaman da çox maraqlı və yadda qalan çempionatlardan biri olacaq.

Qeyd etmək istərdim ki, dünya çempionatı hər zaman yay fəslində təşkil olunurdu və bütün futbolçular özlərini həmin ərəfəyə hazırlayırdılar. Bu ilki dünya çempionatı isə tamamilə gözlənilməz bir zaman kəsiyində baş verdi. Düşünürəm ki, bu il baş tutan dünya çempionatında futbolçuların potensialı çox yüksək səviyyədə olacaq. Çünki hər dəfə dünya çempionatında çıxış edəcək idmançılar artıq buna qədər 30-35 oyunda iştirak edərək yorğun olurdular. Ancaq bu il isə komandalar 20-25 oyundan sonra qatılıb. Keçirilən oyunlara nəzər saldıqda da, görürük ki, matçlar çox dinamik və sürətli bir şəkildə keçir. Fikrimcə, bu il keçirilən dünya çempionatında daha çox Cənubi Amerika və Afrika ölkələrinin uğurları daha çox olacaq, nəinki Avropa komandaları. Həmçinin çempion olacaq komandanın da Cənubi Amerikadan olacağını düşünürəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə