"Zəfər" günü ilə bağlı şəhər sakinlərinin fikirləri - SORĞU

"Zəfər" günü ilə bağlı şəhər sakinlərinin fikirləri - SORĞU

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində 8 noyabr “Zəfər” günü kimi qeyd edildi. Artıq 2 ildir ki, bütün xalq bu günü çox böyük qürur hissi ilə keçirdir. MÖvzu ilə əlaqədar olaraq SİA paytaxt sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Akif Əliyev: “Mən əslən Beyləqan rayonundanam. Lakin hər zaman uşaq olarkən atam bizi yay tətilində Kəlbəcərə aparırdı. Bir sözlə mənim uşaqlıq illərim Kəlbəcərdə keçib. Məhz buna görə Qarabağ torpaqları mənim üçün əziz olub. Allah bütün oğullarımızı qorusun, şəhidlərimizə rəhmət eləsin. Çünki biz onların sayəsində bu gün Şuşaya, Zəngilana, Ağdama və s. digər rayonlarımıza səfər edə bilirik. 8 noyabr Zəfər günü bütün azərbaycanlılar üçün önəmli bir gündür. Biz hər zaman 44 günlük Vətən müharibəsinu və zəfər günümüzü çox böyük qürur hissi ilə xatırlayacayığ”.

Şəhər sakini Kəmalə Nəsibova: “Mən xaricdə yaşayan azərbaycanlıyam. Bizim torpaqlarımız işğal altında olarkən qürbət vətəndə daima boynu bükük şəkildə yaşamışıq. Bildiyiniz kimi Türkiyədə də xeyli sayda erməni vətəndaşları yaşayır. Lakin qeyrətli oğullarımız 44 günlük Vətən müharibəsində bir daha Azərbaycanın gücünü bütün dünyaya sübut etdi. Bu zəfər tarixi ilə də biz qürbət vətəndə hər zaman başıdik şəkildə gəzmiş olduq”.

Şəhər sakini Aleksandr Rapişov: “Mən rus vətəndaşıyam. Azərbaycana gəzmək üçün ailəvi olaraq gəlmişik. Bir insan olaraq müharibəni sevmirəm. Çünki savaş və daima müharibə şəraitində yaşamaq heç də yaxşı bir şey deyil. Buna görə də müharibə edən dövlətləri heç bir zaman dəstəkləmirəm. Lakin Azərbaycan ordusunun nə dərəcədə güclü olduğunu bütün dünya gördü. Mən bu münasibətlə sizin hər birinizi təbrik edirəm. Allah bir daha sizin ölkənizə müharibə göstərməsin. Zəfəriniz daimi olsun”.

Şəhər sakini Fuad Qurbanov: “Bizim cəsarətli oğullarımız öz canları və qanları bahasına əzəli və əbədi torpaqlarımızı işğaldan azad etdilər. Biz bu gün rahat şəkildə, başımız dimdik yaşayırıqsa bu onların sayəsindədir. Mən “Zəfər” günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Gözümüz aydın olsun. Ümid edirəm ki, biz bu bayramlarımızı Göyçə mahalında, irəvanda qeyd edəcəyik”.

Şəhər sakini Vaqif Neftullayev: “Mən Azərbaycanlı olduğum üçün həqiqətəndə fəxr edirəm. Ona görə ki, biz mərd bir xalqıq. Azərbaycanlı hər bir kəs xoşbəxt bir vətəndaşdır ki, belə igid və qorxmaz oğulları var. Allaha çox şükürlər olsun ki, belə qürürverici günləri görməyi bizə nəsib oldu. Harda yaşamasından aslı olmayaraq bütün azərbaycanlılar bu günümüzü böyük şərəf hissi ilə keçirdəcəyik”.

Şəhər sakini Yaqut Məmmədov: “Biz dövlət başçımızın 44 gün ərzində verdiyi şad xəbərlərin hər birini sevinc göz yaşları ilə qarşılayırdıq. İşğaldan azad olunan hər bir qarış torpağımız bizim üçün əziz və müqəddəsdir. Mən Şabran rayonundanam bizim kəndimizdə bir çox şəhidimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz daima onların yaxınlarına və ailəsinə borcluyuq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə