Xəbəri eşidəndə nə qədər sevindiksə, bir o qədər də kədərləndik - SORĞU - ŞƏHİD AİLƏLƏRİ DANIŞDI

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanımı Mehriban Əliyeva mayın 2-də Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş yeni yaşayış kompleksinin açılışında iştirak edib. Şəhid ailələri və əlillərə yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Cənab Prezident şəhid ailələrinə mütəmadi olaraq diqqət və qayğı göstərib. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. SİA olaraq şəhid ailələri arasında sorğu keçirib onların da təəssüratlarını öyrəndik:

Şəhid anası Ellada Mahmudova: "Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın də daim nəzərləri şəhid ailələrinin, qazilərin üzərindədir. Bir şəhid anası olaraq mənim dövlətimizdən, Prezidentimizdən heç bir narazıçılığım yoxdur. Mənə bu müddət ərzində kifayət qədər diqqət göstəriblər. Hər an zəng edirlər, nəzarət edirlər. Nə yoxdur, nə çatmır deyə maraqlanırlar. Prezidentin sosial təbəqə nümayəndələrinə diqqət və qayğısından çox razıyam.

Bəzi şəhid ailələri bu məsələ ilə bağlı narazılıqlarını bildirə bilirlər. İlk öncə mən belə düşünürəm ki, onlar öz problemləri ilə bağlı doğru ünvana, lazımi qurumlara müraciət etmirlər. Ona görə də cavab ala bilmirlər. İkinci olaraq isə şəhid ailəsi olmaq o demək deyil ki, biz hər şeyi tələb edə bilərik. Elə istəklər var ki, onu şəhid ailəsi olsan-olmasan da tələb etmək olmaz. Biz nəyin istənilib-istənilməyəcəyini başa düşməliyik. Bəzi şəhid ailələri dövlətin kömək edə bilməyəcəyi şeyləri istədiklərinə görə onların tələbləri havada qalır".

Şəhid qardaşı İlqar Babayev: "Şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulmuş yeni yaşayış kompleksinin açılması ilə bağlı Ali Baş Komandanımıza öz təşəkkürümüzü bildiririk. Şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurlar. Doğrusu, bu xəbəri eşidəndə çox sevindik. Lakin nə qədər sevindiksə, bir o qədər də kədərləndik. Bu, şəhid qardaşım Vüqar Babayevin evidir. Bizim də kədərimiz qardaşımın öz evini görə bilməməsi ilə bağlıdır.

Şükür ki, bugünkü gündə şəhid ailələrinə dövlət tərəfindən kifayət qədər qayğı göstərilir. Əgər bunun əksinə fikir bildirənlər də varsa, mən onlarla qətiyyən razılaşmıram. Bir şəhid ailəsi olaraq Prezident İlham Əliyevin siyasətini və fəaliyyətini hər zaman dəstəkləyirik.

İki ay 10 günün əsgəri olan qardaşım Vüqarla yanaşı, eyni zamanda dayım da bu Vətən uğrunda şəhid olub. Onlar da daxil olmaqla Allah bütün şəhidlərimizin ruhunu şad etsin".

Şəhid anası Zöhrə Əliyeva: "Mən Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya da öz təşəkkürümü bildirirəm. Həqiqətən də bizi heç vaxt tək qoymayıblar. Hər zaman nəzərləri üzərimizdə olub. Şəhid anası olaraq mən Prezidentimizdən çox razıyam. Hətta cənab İlham Əliyevin mənim oğlum da daxil olmaqla şəhidlərlə bir şəkli var. Mən düşünürəm ki, həmin şəkli mütləq evimizin bir guşəsində yerləşdirməliyəm. Bizə göstərdiyi qayğı əvəzolunmazdır. Mənim övladım il yarımdır şəhid olub. Mən heç vaxt deyə bilmərəm ki, dövlət bizə diqqət yetirmir. Bütün dualarımız dövlətimizlə, cənab Prezidentimizlədir".

Şəhid qardaşı Süleyman Mahmudov: "Biz öz adımıza deyə bilərik ki, dövlətin qayğısı ilə bağlı heç bir şikayətimiz yoxdur. Prezident İlham Əliyev də, Mehriban xanım Əliyeva da çox sağolsun ki, diqqət göstərirlər. Şəhid ailəsi olaraq bizə ev də verildi. Sadəcə işlə bağlı biraz sıxıntımız var. Maddi baxımdan biraz çətinlikdən başqa heç bir problemimiz yoxdur. Prezident hər zaman qayğı göstərir və nəzarət edir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə